Vilayət Eyvazov Moldova DİN-in Baş katibini qəbul etdi

 15:21 17.11.2022     197

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov ölkəmizdə səfərdə olan Moldova Respublikasının Daxili İşlər Nazirliyinin Baş katibi Sergey Diyakonunu qəbul edib.

Redaktor.az xəbər verir ki, qonağı salamlayan nazir V.Eyvazov Moldova ilə Azərbaycan arasında əlaqələrin və qarşılıqlı münasibətlərin getdikcə daha da dərinləşdiyini məmnunluqla vurğulayıb. Azərbaycan Respublikasının son illərdəki sürətli inkişafını şərtləndirən əsas amillərdən olan sabitliyin yaradıldığını, onun dönməzliyinin təmin olunduğunu qeyd edən nazir bildirib ki, kriminogen durumun tam nəzarətə götürülməsi, sabitliyin bərpası ilk növbədə vətəndaşlarımızın, həmçinin də əcnəbilərin respublikamızda təhlükəsiz, əminamanlıq şəraitində yaşayıb fəaliyyət göstərmələri üçün əlverişli mühit formalaşıb.

V.Eyvazov qeyd edib ki, Azərbaycanın Daxili İşlər Nazirliyi Moldovanın hüquq-mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi ilə münasibətlərin istər ikitərəfli, istərsə də çoxtərəfli formatda inkişaf etdirilməsinə böyük önəm verir. Bu əlaqələrin normativ-hüquqi bazası ilk növbədə qarşılıqlı hüquqi yardım göstərilməsi, təcrübə mübadiləsi və dövlətlərarası müqavilələrə əsaslanır.

Səmimi qəbula görə təşəkkürünü bildirən Sergey Diyakonu belə səfərlərin iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə yeni təkan verəcəyinə əminliyini, Moldova DİN-in də bu istiqamətdə öz səylərini əsirgəməyəcəyini, azərbaycanlı həmkarlarının cinayətkarlıqla mübarizə, ictimai asayişin təmini sahəsində əldə etdikləri müsbət təcrübənin öyrənilməsində maraqlı olduqlarını bildirib.

Görüşdə əməkdaşlığın prioritet istiqamətləri və perspektivləri, narkotiklərin qanunsuz dövriyəsi, habelə transmilli mütəşəkkil cinayətkarlığın digər növləri ilə mübarizə, informasiya mübadiləsinin intensivləşdirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Qəbulda Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov da iştirak edib. 

Səfər çərçivəsində S.Diyakonu DİN-in "102-Zəng Mərkəzi"nə, "Təhlükəsiz şəhər" Xidmətinə və Əlahiddə Çevik Polis Alayına gedərək həmin qurumların fəaliyyətləri ilə yaxından tanış olub.