"20 Yanvar" dairəsində xidmət aparmaq olduqca çətindir" - Araz Əsgərli
Bakının 20 Yanvar dairəsində olan tıxac problemi günü-gündən artmaqda davam edir. Tıxacın yaranmasının səbəblərindən biri də rayonlara qanunsuz sərnişin daşımaqla məşğul olan taksi sürücüləridir.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqələr bölməsinin baş inspektoru Araz Əsgərli bildirdi ki, həmin ərazi nəzarət altındadır:
“Mütəmadi olaraq biz həmin ərazidə hərəkəti tənzimləyirik ki, vəziyyət gərginləşməsin. Əməkdaşlar bir tərəfdən ərazini boşaldır səliqə səhman yaradır, lakin məsuliyyətsiz sürücülər də yenə qaydaları pozur və vəziyyəti daima gərginləşdirirlər. Həmin ərazidə təsəvvür edin ki, 3 istiqamətdə daimi xidmət təhkim olunub. Biri "Şamaxinka"da, biri "Velotrek"in qarşısında, digəri isə Respublika Kliniki Xəstəxanasına gedən yolda günboyu hərəkət tənzimlənir. İndi ola bilər ki, hansısa tədbir, yaxud nahar fasiləsi zamanı çox yox 30 dəqiqə bir xidmətin digərini dəyişməsi belə vəziyyəti gərginləşdirir. Ora paytaxtın ən qaynar və ən problemli nöqtələrindən biridir. Çünki şimal hissədən daxil olan bütün avtomobillər eləcədə, nəqliyyat qovşağı funksiyası həmin ərazinin real vəziyyətinə təsirsiz ötüşmür. Həmin ərazidə xidmət aparmaqda olduqca çətin və məsuliyyətlidir".
Problemin tam aradan qaldırılmasının mümkünlüyünə gəlincə, Araz Əsgərli qeyd etdi ki, 20 Yanvar ərazisində problemin tam həlli geniş və kompleks tədbirlərlə mümkündür:
" Yəni infrastruktur, nəqliyyat alternativləri və digər məsələlərin birgə həlli ilə mümkün ola bilər. Bununla da bağlı dövlət zəruri addımlar atıb, müəyyən işlər görülüb lakin bir sıra işlər də görülməlidir. Onu da qeyd edim ki, həmin ərazidə DYP əməkdaşları ilə yanaşı ərazi polisidə gücləndirilmiş qaydada 24 saatlıq xidmət aparır".
Həmidə İbrahimova












