Ay yaxşı ADAM

 16:22 17.11.2022     561

Salam ay yaxşı Adam. Bu gün sənin doğum günündü. Sən bu fani və etibarsız dünyaya xoş gəlmisən (düzünü deyim ki, keçən dəfəki yazımda da yazdığım kimi bu dəfə də Sənə müraciət olaraq «gəlmişdin» yazmağa əlim gəlmədi və deyəsən heş vaxt da yaza bilməyəcəm. Çünki Sənin haqqında keçmiş zamanda yaza bilmirəm və Sənin bir keşmiş olduğunu heç vaxt qəbul etməyəcəyəm). Səni tanıdığım 14 ildə üçüncü dəfədir ad gününü birlikdə qeyd edə bilmirik. Daha doğrusu fiziki olaraq birlikdə qeyd edə bilmirik. Əslində səni bizdən ayıran cismindi, ruhun isə həmişə bizimlədi. Birdə ki, insanın torpağa tapşırılan cismidi, ruhu isə göylərə əmanət edilir. Vallahi Sənin yoxluğuna heç birimiz inanmırıq. Elə bir məclis olmur ki, sənin kəlamlarından, söhbətlərindən misal gətirməyək, səni xatırlamayaq. Bu gün də Sənin ad günün ilə bağlı yığışırıq. Bilirəm bunlardan xəbərin var. Yuxarıda qeyd etdim axı, sənin ruhun həmişə bizimlədi. Mən ruhların varlığına inanan adamam.

Deyirlər torpağın üzü soyuq olur. İtirdiyimiz insanları bir müddət keçəndən sonra unuduruq. Əslində torpağın deyil, insanların üzü soyuqdu. Biz unuduruq. Özü də heç nə olmamış kimi. Yaxşı insanları unuduruq, onların yaxşı əməllərin unuduruq, xeyirxah işlərin unuduruq. Unuda-unuda gedirik və sonunda da unutqanlıq xəstəliyinə tutuluruq. Və bu unutqanlıq xəstəliyi ruhumuzu elə sürətlə buruyur ki, artıq milli-mənəvi dəyərlərimizi unuduruq.

Belə bir deyim var ki, əvəzolunmaz adam yoxdur. Mən də əvvəl elə bilirdim ki, əvəzolunmaz adam yoxdu. Səni itirəndən sonra nə qədər səhv etdiyimi anladım. Başa düşdüm ki, hansısa bir işi yerinə yetirməkdə əvəzolunmaz adam olmaya bilər. Yəni bir işi bir neçə adam yüksək səviyyədə görə bilər. Amma sənin kimi dostu heç kim əvəz edə bilməz. SƏN başqasan, tamam başqa.

SƏN dostlarının problemi olanda, sabaha kimi yatmayıb, onlarla birlikdə problemi həll etməyə çalışan, SƏN dostlarının ugurlarına hamımızdan çox sevinən, SƏN yüksək yumor hissinə malik olan, yumor hissinə malik olmaqla bərabər, həm də çox kövrək olan, həm sevincdən, həm də kədərdən kövrələn, SƏN çox savadlı və çox yaxş həmsöhbət olan dostsan! Səninlə istənilən mövzuda söhbət etmək adama ləzzət verir. İstər ədəbiyyat, istər tarix, istər diplomatiya, istər iqtisadi, istər siyasi, istər fizika, bir sözlə bütün mövzularda əvəzolunmaz idin. Səndən şəxsən mən çox şey öyrəndim dəyərli dost.

Bu sadaladıqlarıma görə SƏNSİZ çox çətin olacaq bizlərə!

...ABİ bu gün sənin doğum günündü. Səni dostların Vidadinin, Allahverdinin, Ağakişinin, Xudaverdinin, Rövşənin və öz adımdan təbrik edirəm. Doğum günün kutlu olsun, ay bizlərin arasından birinci olaraq «Ölümə Xoş Gəldin» deməklə ölümü gözümüzdə adiləşdirən dəyərli dostumuz - Aydın Zabit oğlu Mirzəməmmədov!

Seymur ŞEYDAYEV