Qənirə Paşayeva qiymətlərin aşağı salınmasına ÇAĞIRIŞ ETDİ

"Müxtəlif sahələr üzrə dövlət proqramlarının həyata keçməsinə nəzarəti həddən artıq gücləndirməyə ehtiyac var. Çünki mədəniyyət sahəsi ilə bağlı illər öncə bir neçə proqram həyata keçirilib. Kinoyla, teatrla, tarixi mədəniyyət abidələri ilə bağlı proqramlar başa çatıb amma biz görürük ki, proqramda nəzərdə tutulan bir çox məsələlərin həlli hələ də öz əksini tapmayıb. Bu proqram bitib, ona görə çox xahiş edirik ki, bu məsələ diqqətdə olsun".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentdə büdcə müzakirələri zamanı çıxışında bildirib.
Millət vəkili hesab edir ki, bütün sahələr üzrə proqramların həyata keçirilməsi çox ciddi nəzarətdə olmalıdır:
"Mən bunu xahiş eləmişəm ki, mədəniyyətin müəyyən spesifik sahələri var, orada əməkhaqları aşağıdı və buna görə müəyyən güzəştlər, stimullaşdırıcı tədbirlər, əməkhaqlarının artımı olmasa, biz gələcəkdə bu sahələrdə ciddi kadr problemi ilə üzləşə bilərik. Mədəniyyət komitəsi olaraq onları yazılı şəkildə müvafiq qurumların diqqətinə də çatdırmışıq".
Qənirə Paşayeva güneyli soydaşlarımızla bağlı da məsələ qaldırıb.
"Bizim İran ərazisində, Güney Azərbaycanda yaşayan soydaşlarımız, özəlliklə gənclər tez-tez müraciət edir ki, onlar çox təəssüf ki, öz ana dilində təhsil ala bilmir. Onlar vurğulayır ki, Azərbaycan Respublikasına təhsil almağa gələndə, müəyyən güzəştlər edilsin – onlara xarici tələbələr kimi baxılmasın. Ümumiyyətlə həmişə dövlətimizin siyasətində xaricdə olan, Azərbaycan dövlətinin sərhədlərindən kənarda yaşayan qardaş-bacılarımız diqqətdə olub. Ona görə düşünürük ki, dövlətimizin sərhədlərindən kənardan – amma vətən Azərbaycandan və ümumiyyətlə harda doğulub-yaşamasından asılı olmayaraq gələn soydaşlarımız burada təhsil almaq istəyəndə, onlara da Azərbaycan Respublikasının vətəndaşı olan gənclərimiz kimi dəstək olmalıyıq ki, təhsil ala bilsinlər", - deyə komitə sədri bildirib.
Şəhid ailələri, veteranlar, qazilərlə də bağlı danışan deputat qeyd edib ki, onlar hər zaman dövlətimizin diqqətindədi:
"Bir məsələni xahiş edirik ki, müharibə iştirakçılarımız var ki, güzəştli ipotekadan yararlanan təbəqəyə daxil edilmək onlara da çox vacibdi. Çünki onların da buna çox ehtiyacı var və övladları da ödənişli ali təhsil aldıqları zaman, güzəştlər məsələsinə baxılması çox vacibdi".
Qənirə Paşayevanın sözlərinə görə, icbari tibbi sığortanın onkoloji xəstəlikləri, autizmli xəstələri və süni mayalanma əməliyyatlarını da əhatə etməsi həddindən artıq vacib bir məsələdi:
"Dərman vasitələrinin qiymətlərinin bahalığı və onun aşağı salınması vətəndaşlarımız tərəfindən qaldırılan çox vacib məsələdi ki, buna mütləq baxılmalıdı. Dərman, dərman vasitələrinin qiymətlərinin aşağı salınması mexanizmlərini işləyib hazırlamaq, eləcə də, aliment fondunun yaradılması artıq günümüzün ciddi reallığına çevrilib. Xahiş edirik bu məsələ gündəmdə olsun.
Uşaq yeməkləri və bezlərinin qiymətlərinin aşağı salınması da gənc ailələrimiz tərəfindən mütəmadi qaldırılan məsələlərdi. Çox xahiş edirik, bu məsələ də diqqətdə olsun".
“AZAL”la bağlı bütün tənqidlərə qoşulduğunu deyən komitə sədri hesab edir ki, bu məsələlərdə nəzarət daha güclü olmalıdır.
Q.Paşayeva Tovuz və Şəmkir rayonları üçün vacib olan Zəyəmçay su anbarının tikintisi ilə bağlı söz verildiyini xatırladaraq, bu məsələyə mütləq baxılacağına inamını ifadə edib.
Turan İSMAYIL