"Başqa ölkələrdə dini təhsil alanlara etibar edə bilmərik" - Səyyad Salahlı

 11:43 22.11.2022     510

"Biz minbəri başqa ölkələrdə dini təhsil alan insanlara etibar edə bilmərik. Çünki onlar kimlərdən dərs alıblarsa, onları da təqlid edirlər".

Redaktor.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı deyib.

Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən məscidlərdə din xadimlərinə kifayət qədər ehtiyac var: "Təbii ki, məscidlərimizdə ölkədəki dini elmi mərkəzləri bitirənlər din xadimi kimi işləyə bilər. Həmçinin dini təhsili olub amma diplomu olmayanlar da fəaliyyət göstərə bilər. Lakin onlar imtahan verməlidirlər. Bu gün Azərbaycan məscidlərində İlahiyyat İnstitutunu, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsini bitirən, mədrəsələrin nümayəndələri din xadimi vəzifəsini tutmalıdır".

S.Salahlı bildirib ki, onlar azərbaycançılıq ideyaları, milli-mənəvi dəyərləri lazımınca ifadə edə bilmirlər: "Mütləq şəkildə onlarda yad təsir hiss olunur. Bu da istər-istəməz onların ideoloji səhvlərinə və təxribatlarına gətirib çıxarır. Təbii ki, biz də dövlət olaraq buna imkan verə bilmərik və qarşısı alınmalıdır. Bu günə qədər 50-ə yaxın din xadimi imtahan verib. Bizdə imtahanlar çox şəffaf keçirilir. 7 nəfərdən ibarət nümayəndə imtahan götürür və hər bir din xadiminə savadına uyğun şəkildə fərdi formada qiymətləndirilmə aparır. Qiymətlər toplanaraq müəyyən balı yığan ruhanilər sertifikat alıb təyinatı üzrə göndərilirlər".

Dövlət Komitəsi sədrinin birinci müavini həmçinin vurğulayıb ki, bu gün ölkədə xeyli sayda imam vəzifəsi də boşdur.