Etnik, dini, mədəni və digər müxtəlifliklər Azərbaycanın sərvətidir

 12:44 23.11.2022     355

XX əsrin sonlarında baş verən siyasi hadisələr Cənubi Qafqaz respublikalarında multikulturalizmin yeni modellərinin formalaşmasına gətirib çıxardı. Bununla yanaşı bir sıra hərbi-siyasi və iqtisadi xarakterli hadisələr Gürcüstanda millətlərarası münasibətlərin mövcud tarazlığını deformasiyaya məruz qoydu. Azərbaycanlıların və digər etnik azlıqların Ermənistandan kütləvi deportasiyası bu respublikanı faktiki, olaraq monoetnik dövlətə çevirdi. Azərbaycan Respublikası bu dövrdə ölkənin dağılma tendensiyasının qarşısını almağa, müxtəlif mədəniyyətləri və dinləri birləşdirən dövlət kimi özünün fərqli mövqeyini ifadə etməyə başladı.

Multikulturalizm bir ölkədə mədəniyyətlərin qarşılıqlı təsirində müəyyən “keyfiyyət”ə nail olunmasına yönəlmiş demokratik dövlət strategiyasıdır. Multikulturalizm hamı tərəfindən tanınan, müxtəlif mədəniyyətlərə tolerant münasibətə əsaslanan dinc, yanaşı yaşama prinsipidir. Azərbaycan Respublikasında fərqli baxışlara, adətlərə, vərdişlərə dözümlülük mövqeyi bəsləmək əlbəttə ki, təbiidir. Müxtəlif xalqların, millətlərin, dinlərin xüsusiyyətlərinə tolerant münasibət azərbaycanlıların mentalitetinə tamamilə uyğun gəlir.

Azərbaycan Respublikası polietnik dövlətdir. Xalq dövləti təşkil edən etnosdan – Azərbaycan türklərindən və avtoxton milli azlıqlardan – udinlərdən, ingiloylardan, qrızlardan, xınalıqlardan, buduqlardan, tatlardan, talışlardan, ləzgilərdən və b. təşkil  olunmuşdur. Bu millətlərin tarixən Azərbaycandan başqa vətənləri olmamışdır və buna görə də Azərbaycan türkləri ilə birlikdə vahid polietnik Azərbaycan millətinin nümayəndələri hesab olunmaqda haqlıdırlar. Onlardan başqa respublikamızda ruslar, ukraynalılar, belaruslar, kürdlər, yəhudilər, yunanlar, almanlar və tatarlar yaşayırlar. Bu milli azlıqların hər birinin muvafiq olaraq tarixi vətəni vardır və Azərbaycan ərazisində yaşayan alloxton milli azlıqlara aid edilirlər. Təkcə Bakıda iyirmidən artıq müxtəlif mədəni icmalar fəaliyyət göstərir. Bunların arasında: rusların, ukrainlərin, kürdlərin, lakların, ləzgilərin, slavyanların, tatların, tatarların, gürcülərin, ingilayların, talışların, avarların, axıska türklərinin, Avropa və dağ yəhudilərinin, gürcü yəhudilərinin, alman və yunanların cəmiyyətləri vardır. Ümumiyyətlə, etnik azlıqların kompakt şəkildə yaşadıqları bütün rayonlarda belə icmalar mövcuddur.

Azərbaycan Respublikasında kompakt şəkildə müxtəlif etnosların nümayəndələri yaşayır və onların hər biri öz maddi və mənəvi mədəniyyətini, dilini, tarixi yaddaşını, mentalitetini, etnik özünüdərketmə və etnopsixologiyasını qoruyub saxlayan unikal xüsusiyyətlərin daşıyıcılarıdır. Məhz Azərbaycanda dağ yəhudilərinin məskəni – Qırmızı Sloboda, Molokan kəndi İvanovka, udin kəndi Nic, öz dili, özünəməxsus adət və ənənələri ilə məşhur olan Xınalıq kəndi və başqa milli azlıqların yaşadığı onlarla belə məskənlər mövcuddur və onların hamısı Azərbaycan ictimaiyyətinin ayrılmaz hissəsidir. Etnik azlıqlara yerli əhali ilə bərabər mədəni hüquqlar və ölkənin mədəni irsindən istifadə hüququ verilmişdir.

Etnik azlıqların kompakt yaşadığı yerlərdə ümumtəhsil məktəblərinin ibtidai siniflərində doğma dil tədris olunur: müvafiq dillərdə tədris proqramları və dərs vəsaitləri, folklor və şeir məcmuələri, bədii ədəbiyyat nəşr olunur; qəzet və jurnallar çıxır, dövlət milli teatrları və bədii özfəaliyyət kollektivləri fəaliyyət göstərir.

Azərbaycanda mövcud olan mədəni simbioz və müxtəlif ənənələr maddi və mənəvi mədəniyyətin tarixi abidələrində həkk olunmuşdur. Belə ki, maddi mədəniyyət abidələrinin qorunması çərçivəsində Astara, Qax, Quba, Zaqatala və digər rayonların tarix-ölkəşünaslıq muzeylərində, həmin ərazilərdə yaşayan etnik azlıqların irsini və ənənələrini əks etdirən ekspozisiyalar təşkil olunur. Bu sahədə kitabxanalar da səmərəli fəaliyyət göstərir; burada milli azlıq nümayəndələrinin kitablarının təqdimatı keçirilir və bu kitablar kitabxananın fonduna daxil olur.

Ölkə daxilində, eləcə də beynəlxalq arenada mədəniyyətlərarası ünsiyyətin tarazlı şəkildə qurulmasında, üç dini dövrdən – zərdüştlük, xristianlıq və islamdan keçən və öz şüuruna bunları həkk etdirən Azərbaycan xalqının tarixi yaddaşı vacib rol oynayır. Azərbaycanda dinlərarası dialoq və tolerantlığın dünyanın bir çox polietnik regionları üçün nümunə olan xüsusi modeli qurulmuşdur. Dövlət-din münasibətlərinin müasir Azərbaycan modeli çərçivəsində, bütün dinlər qanun qarşısında bərabər status alıblar. Ölkə vətəndaşlarının böyük əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarını təmin etməklə yanaşı, dövlət respublika ərazisində yayılan bütün ənənəvi dinlərə qayğı göstərir.

Öz tarixi ənənələrinə söykənən Azərbaycanda vətəndaşların mədəni, o cümlədən dini tələbatlarının təmin edilməsinə aşağıdakılar nümunədir:

- sovet ateizmində boşluq dövründən sonra Bakıda “Müqəddəs qadınlar ” kilsəsi açıldı. Qeyd edək ki, bu kilsə XX əsrin əvvəllərində məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin fəal dəstəyi ilə tikilmiş, XXI əsrin əvvəllərində isə digər azərbaycanlı xeyriyyəçinin səyləri nəticəsində yenidən bərpa olunmuşdur;

- pontifik II İohann Pavelin Azərbaycana səfəri zamanı tikintisinə xeyir-dua verdiyi yeni katolik kostyolu (polyak kilsəsi) açılmışdır. Bu kilsə 1930-cu illərdə dağıdılmış əvvəlki məbədin ənənələrini davam etdirəcək;

- Bakıda, hətta sovet dövründə belə dağıdılmaqdan xilas olan sinaqoq yenidən bərpa edilmiş və genişləndirilmişdir.

Etnik dinindən və mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabərliyini təmin edən milli siyasətin əsas müddəaları Azərbaycan konstitusiyasında göstərilmişdir. Azərbaycan Respublikasının milli siyasət konsepsiyası həmçinin aşağıdakı beynəlxalq sənədlərə əsaslanır: BMT-nin “İnsan haqları ümumi deklarasiyası”na, Avropa Şurasının “Əsas azadlıqların və hüquqların qorunmasına dair  konvensiyası”na, BMT-nin “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktı”na, “Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə İclasın Yekun Aktı”na, “ATƏT-in insan meyarları üzrə Konfransının Kopenhagen sənədi”nə, Avropa Şurasının “Milli azlıqların müdafiəsi üzrə Çərçivə Konvensiyası”na, Müstəqil Dövlətlər Birliyinin üzvləri tərəfindən qəbul edilmiş “Milli azlıqlara mənsub olan şəxslərin hüquqlarının təmin edilməsi üzrə konvensiya”ya.

Bütün bunlarla yanaşı Azərbaycan Respublikasının milli siyasətinə həsr olunmuş dövlət sənədi - “Azərbaycan Respublikasında yaşayan  milli azlıqların, azsaylı xalqların və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dilinin və mədəniyyətinin inkişafına dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul edilmişdir. Başqa sözlə, milli azlıqların qorunması Azərbaycan rəhbərliyinin apardığı siyasətin əsas istiqamətlərindən biridir. Belə ki, Prezident aparatında milli siyasət üzrə dövlət məsləhətçisinin başçılıq etdiyi xüsusi struktur yaradılmışdır. Analoji struktur Milli Məclisdə də mövcuddur.     Konstitusiya və qanunların verdiyi bərabər hüquqlar və imkanlardan istifadə edərək, müxtəlif millətlərin nümayəndələri cəmiyyətin ayrı-ayrı sahələrində məhsuldar işləyərək ölkənin inkişafına layiqli  töhvələr verirlər. Belə ki, milli azlıqlar Azərbaycan Respublikasının hökumətində və digər dövlət strukturlarında təmsil olunublar. Respublikamızın parlamenti – Milli Məclisdə ölkənin bir sıra etnik azlıqları o cümlədən, rus, ləzgi, tat, talış və b. öz nümayəndələri ilə təmsil olunmuşdur. Azərbaycan ərazisində yaşayan etnik azlıqların seçkilərdə iştirakı məsələsində heç bir problem yoxdur.

Beləliklə, respublikamızda müxtəlif etnik qrupların mövcudluğu üçün bütün mümkün şərait yaradılmışdır. Lakin burada, bir daha qeyd etmək lazımdır ki, bizim ölkəmizdə mədəni müxtəliflik etnik azıqların sadəcə cəmlənməsi kimi başa düşülmür, Azərbaycan ümummilli həmrəyliyin inkişafı üçün əlverişli mühitdir. Başqa sözlə, etnik, dini və digər mənsubiyyətindən asılı olmayaraq ərazisində məskunlaşan hər bir vətəndaş Azərbaycanın sərvətidir.

Məqalə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Uğur” Gənclərin Maarifləndirilməsi İB-nin həyata keçirdiyi "Gənclər arasında azərbaycançılıq ideyasının və multikultural dəyərlərin təbliği” layihəsi çərçivəsində hazırlanmışdır.