"Azərbaycan dilinin problemi "aeroport", "dovşan" sözlərindən ibarət deyil" - Millət vəkilindən ETİRAZ

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan dilinin yeni orfoepiya normaları”nın mübahisəli bəndləri ilə bağlı müzakirələr aparılıb.
İclasda “dovşan” ("dofşan”, “doşan”, “tovşan”) və "aeroport" (ayroport) sözlərinin necə tələffüz olunması ilə bağlı müzakirələr sosial media istifadəçilərinin tənqidinə səbəb olub. İctimaiyyət nümayəndələri hesab edirlər ki, AMEA daha ciddi problemlərlə məşğul olmalıdır.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı bildirdi ki, əgər dilimizdə bir problem varsa, o aradan qaldırılmalıdır.
“Ümumiyyətlə, dil elə bir şeydir ki, daimi olaraq onun üzərində işlənməli, nəzarət olunmalı, yeni sözlər, terminlər dilimizə gəldikdə onları ana dilinə uyğunlaşdırmalı, problemlər varsa, aradan qaldırılmalıdır. Amma Azərbaycan dilinin problemi "aeroport", yaxud "dovşan" sözlərindən ibarət deyil ki. Azərbaycan dilinin hazırda çox ciddi problemləri var. İlk növbədə ictimaiyyətin ana dilinə münasibəti, radio, televiziya və mətbuat dilinin vəziyyəti ilə məşğul olmaq lazımdır. Yoxsa, indi "aeroport" olmasın, "ayeroport" olsun. Bu çox ciddi məsələ deyil. Onsuz da camaat "aeroport" yazır, "ayeroport" deyir. Buna görə də, bu məsələlər müzakirə olunmalı, nizam gətirilməlidir, amma bu, xırda şeylərdir. Dilimizin çox ciddi problemləri var və bununla məşğul olmaq lazımdır”, - deyə millət vəkili vurğuladı.
Nərmin VÜQARQIZI