İnsanlar müharibəyə niyə susur? - Fiziki və ideoloji vaksinlərin fəsadı

 17:58 24.11.2022     421

Baş leytenant İlqar Zeynalovun timsalında şəhidlərimizin əziz xatirəsinə

Şölət Zeynalov

Fəlsəfə üzrə fəlsəfə doktoru

Vətən müharibəsində Şeytani şəri ram etmək üçün 3000 at ağızlı, polad biləkli, mübariz və cəsur oğulları Azərbaycanın Dövləti, namusu, şərəfi naminə qurban verdik, sınmış qürurumuzu, bərpa etdik, bükülmüş belimizi düzəltdik. Tariximiz, taleyimiz üzümüzə güldü, ağ atlı oğlan, Dəmir yumruqla, əbədiyyət zənginin-cənginin təbilini vurdu... İrəli!

Qəhrəman Əsgər – dedi, qalib gəldik. Məhz Zəfər Onun alnına, taleyinə göylərdə yazılmışdı...

Toğrulun, Şah İsmayılın, Qacarın, Rəsulzadənin və nəhayət müasir Azərbaycanın memarı Heydər Əliyevin ruhlarını şad etdik. Bu şəhadətin əks-sədası bizi o qədər böyütdü ki, dünyada hər kəs bizdən danışdı. Varvar sürülərinin məhv etdiyi Qarabağımızı azad etdik, donuz saxlanılan məscidlərimizi kaftar xislətli terrorçulardan və onlara hamilik edən mənəvi atalarından təmizlədik. Üç min Şəhid simvola, rəmzə, məbədə, əbədiyyət nəğməsinə çevirildi. Onların şöhrəti 300 Spartalı kimi, əbədi yaşayacaqdır. Onlar Ali Baş Komandanın azad, lakin yaralı Vətənin əbədiyaşar qartalları idilər.Onlar öz qanlarıyla Vətənin bu yarasını sarıdılar, sağaltdılar.

İndi bunu bütün dünya bilir, etiraf edir.

Azərbaycan otuz il terrorizmlə üz-üzə qaldı, otuz minə yaxın itkimiz oldu, sınmadıq, tükənmədik, böyük strategiya nəticəsində yenidən dirçəldik və qələbə çaldıq. Düşündük ki, bu Zəfər və Qələbə insanlığın şərin ram edilməsi işində sonuncu olacaq, zira olmadı və hələ də böyük sülh uğrunda mübarizə aparırıq...

Dünya isə öz işindədir "dəyirman bildiyini edir, çax- çax baş ağrıdır".

Görünən budur ki, həm Qarabağ, həm də Rusiya-Ukrayna müharibəsi dünya insanı üçün bir dərs olmayacaqsa, bir müddətdən sonra bu alovun qığılcımları bütün dünyanı oda bürüyəcək. Suriya, Liviya, Qarabağ, İraq, Əfqanıstan, Bosniya və s. od içində yananda da belə idi, çoxunun el diliylə desək, "Araz aşığından Kür topuğundan" idi. Ölüm onlardan yan keçirdi. Qərb xoşbəxtdir, müharibənin sədaları okean sularını dəlib keçə bilmir.

Çox qəribədir, heç olmasa yaxın keçmişdə müharibə əleyhinə dünyada dinc nümayişlər olurdu, indi bu da yoxdur, hamı süst düşüb, yorulub sivilizasiyamız, bitmək üzrədir hər şey.

İndi elə bil dəyişib hər şey, müasir insan nəsli prosesə, hər şeyə biganələşib.

Bu ola bilər ki, GMO-nun, yaxud da, körpəlikdən insanlara vurulan fiziki və ideoloji vaksinlərin nəticəsidir - adamlar hər şeyə biganə olublar. "Qalın" insan tipi meydana gəlib.

Şair, yazıçı, siyasətçi, alim, din xadimləri, tanınmış insanlar, hətta Nobelçilər, adi insanlar bir sözlə, hamı xoşbəxtdir, hamı siyasət işlədir, hamı elə bil ki, bilmədən dəccalı tərənnüm edir, əsası odur ki, bəla onlardan uzaqdır. Fəqət, onların - bizim ziyamız bir minanı, bir rakeri alışdıran qığılcımdan, barıtdan da sönükdür.İddiamızsa çox, lap çox böyükdür, biz axı "İnsanıq".

Zərdüşt, Musa, İsa və b. peygəmbərlər sağ olsaydı, bəlkə də belə deyərdi: "Tfu, sizin elminizə, bu qədər mədəniyyətdən, zəkadan, təfəkkür inqilablarından danışırsınız, əməllərinizsə əvvəlki kimidir - Aristotel demişkən uzaq başı siyasi heyvansınız".

Biz iddia etmirik ki, insan ölməzdir, bu absurd olardı, biz iddia edirik ki, insanın təyinatı başqadır - onu aldadıblar.

Biz həm də onu deyirik ki, əgər insanda tanrıdan gəlmə ruh varsa insana əzab vermək, öldümək və s. olmaz. Bu heyvani instinkt dəf olunmalıdır! Resept olmasada, ona aparan yollar, cığırlar var, ədəbiyyat, fəlsəfə, elm və siyasət bəşəri birlik naminə, gələcək azad və qeyri-aqressiv insan naminə var gücüylə işləməlidir: Böyük İspan Xose Orteqa-i-Qasset haqlı idi –“İndi əsas məsələ Növün xilası olmalıdır”! Bu mümkünmü? Sual açıqdır.