İki jurnalist zorla məhkəməyə aparılacaq - Vəkil Aslan İsmayılovun iddiası ilə
Tanınmış vəkil Aslan İsmayılov jurnalistlər Taleh Şahsuvarlı və Aygün Muradxanlını məhkəməyə verib.
Redaktor.az xəbər verir ki, vəkil həmin jurnalistləri təhqir və böhtan atmaqda, şərəf və ləyaqətini alçaltmaqda, işgüzar nüfuzuna böhtan atmaqda ittiham edir.
Binəqədi rayon məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən iclasda iddiaçının Taleh Şahsuvarlıya qarşı şikayətinə ayrıca baxılıb. İddia olunur ki, Şahsuvarlı 2019-cu il sentyabrın 17-də "aznews.az" saytında və Facebook sosial şəbəkəsində “Aslan İsmayılov və oğlu erməni casusun "qolları arasında" - DTX-nı hərəkətə keçirəcək şok FOTOLAR" başlıqlı yazısında vəkili və ailəsini təhqir edib.
Haqqın.az saytı yazır ki, Şahsuvarlı özü bu iş üzrə keçirilən məhkəmə iclaslarının heç birində iştirak etməyib. Bununla bağlı iddiaçının vəkili Kənan Məmmədov hakimdən jurnalistin zorla məhkəmə binasına gətirilməsini istəyib. Vəkilin vəsatəti təmin edilib və hakim onun icrasını Binəqədi və Bərdə rayon polis idarələrinə həvalə edib.
“Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərarından sonra artıq iki məhkəmə iclası keçirilib”, - deyə vəkil Kənan Məmmədov "Azeri Daily"-yə bildirib. “Bununla belə, hüquq-mühafizə orqanları Şahsuvarlının orada olmasını zorla təmin etməyiblər”.












