“Dərs yükü, stress uşaqlarda müxtəlif davranış pozulmaları yaradır” – Psixoloq

Azərbaycanda orta məktəblərdə, xüsusilə də ibtidai siniflərin dərs yükünün ağır olması heç kimə sirr deyil. Tapşırıqların çoxluğu ilə evdə uşaqların dərsləri ilə məşğul olan valideynlər bəzən fərqində belə olmadan şagirdlərin stressini daha da artırır.
Belə ki, dərslərindən aşağı qiymət alan və ya evdə dərslərinə daha az çalışan məktəblilər valideynlər tərəfindən bir çox hallarda psixoloji basqıya, bəzənsə şiddətə məruz qalırlar.
Bəs, valideynlərin bu cür davranışı uşaqlara necə təsir göstərir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən psixoloq Nərgiz Süleymanlı bildirdi ki, dərslər başlayandan məhz məktəbdəki qiymətlərinə görə danlanan və valideyninin qurduğu basqıya görə stress yaşayan uşaqların sayı artmaqdadır. Onun sözlərinə görə, yaşadığı stress uşaqlarda müxtəlif davranış pozulmaları yaradır:
"Dırnaq yemə halları artır, dərsə getdikdə və ya evə qayıtdıqda uşaqlarda ürəkbulanma halları başlayır. Təbii ki, bu da həmin ortamın psixoloji olaraq uşağa müsbət təsir etmədiyini göstərir. Çünki o, gərgindir. Valideynin basqısı elə bir mövzudur ki, yenə də individual məsələyə keçid edir. Çünki hər bir valideynin özünün baxış tərzi var. Amma ümumi olaraq maarifləndirmə işini həyata keçirməyə çalışırıqsa, mesaj olaraq deyə bilərəm ki, hər bir valideyn öz övladının onun bir layihəsi, proyekti olmadığını dərk etməlidir. Bu uşaqlar fərdidirlər. Onlar özlərinə məxsus bir xüsusiyyətlə, bacarıqla doğulublar. Valideyn uşağa kömək edir ki, o bunu kəşf edə bilsin, özünü göstərə bilsin. Məsələn, riyaziyyat bilikləri çox aşağı səviyyədə olan bir uşağın yaradıcılıq qabiliyyətinin nə dərəcədə yüksək olduğunu görmək olur. Bu, o deməkdir ki, uşaq əslində riyaziyyatçı deyil və yaxud bu sahəyə potensialı yoxdur, amma mütləq ki, onun da bacardığı sahə var və valideyn həmin tərəfdən potensialı kəşf etməyə yardım etməlidir. Dərs əslində elə bir prosesdir ki, istər sinifdə, istər evdə basqı altında o uşaq uğura gedə bilmir, yaxud uğura doğru addımlasa belə, çox gərgin, stresli bir yola çıxır. Bu da təbii ki, onların həyatının, yaşam keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Buna görə də, valideynlər mütləq dərəcədə dərs oxuma prosesinin maksimum həyəcansız və stressiz olmasına kömək etməlidirlər”.
Nərgiz Süleymanlı onu da vurğuladı ki, dərs hazırlamaq prosesi uşağın gözündə əzablı bir vəziyyətə gəlməməlidir:
“Təbii ki, buna da uşaqda maraq yaradaraq nail ola bilərik. Burada valideyn və müəllimin qarşılıqlı əlaqəsindən danışmalıyıq. Çünki müəllim və valideyn əgər bir uşağın uğurlu olmasına köklənirlərsə, onlar bir yerdə işə başlamalı, davam etməlidirlər. Valideyn dərs prosesində uşağı görmür. Müəllim daha yaxşı müşahidə edə bilər ki, uşaq hansı hallarda stress, özgüvən problemi yaşayır. Bu zaman valideyn lazım olan məsələlərdə öz diqqətini uşaqdan əsirgəməməlidir. Uşaqların məktəbə hazırlıq dərəcəsini ölçən testlərdən keçirsinlər. Əslində bizim cəmiyyətimizdə bunu artıq normallaşdırmaq lazımdır, çünki insanlar elə düşünür ki, uşağın psixoloji problemi varsa və onu psixoloqa gətirirsə, o uşağın göstəricilərinə mənfi təsir göstərəcək və məktəbdə bu o uşaqların şəxsi işinə yazılacaq, amma bu əsla belə deyil. Əsas odur ki, həmin problem vaxtında görülüb dərk edilsin və ona uyğun davranış yolu seçilsin”.
Nərmin VÜQARQIZI