"Rusiya-Ukrayna müharibəsi “Azəriqaz”ın işinə əsaslı təsir edib" - Eldəniz Vəliyev

 14:13 25.11.2022     133

"Rusiya-Ukrayna məsələsi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin işinə əsaslı təsir edib və bu səbəbdən 2022-ci il üçün nəzərdə tututlan qazlaşdırma işləri 2023-cü ilin birinci rübündə tamamlanacaq".

Redaktor.az xəbər verir ki, bunu “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

Onun sözlərinə görə, “Azəriqaz”ın bu ilin qazlaşdırma proqramı çərçivəsində nəzərdə tutulan işlərin 87 faizinin ilin sonuna kimi başa çatdırılması mümkün olacaq:

“Proqramın bu il tam yerinə yetirilməməsinin səbəbi maddi məsələlər və ya iş güvvəsinin çatışmaması ilə bağlı deyil. Mal-materialların müəyyən hissəsi ölkə xaricindən gətirilir və dünyada baş verən münaqişələr, xüsusən də Rusiya-Ukrayna məsələsi “Azəriqaz”ın işinə əsaslı şəkildə təsir edib”.

O bildirib ki, bu il ərzində 110 kənd və yeni yaşayış massivlərinin qazlaşdırılması nəzərdə tutulmuşdu:

“Proqram çərçivəsində nəzərdə tutulan işlər çərçivəsində oktyabr ayının axırına kimi 14 kənd və 38 yaşayış massivinin qazlaşması artıq təmin edilib. 39 kənd və 23 yeni yaşayış massivində isə tamamlama işləri gedir. Qalan 16 kənd və 1 yaşayış massivində isə qazlaşdırma işləri 2023-cü ilin birinci rübündə tamamlanacaq”.

Eldəniz Vəliyev əlavə etdi ki, cari il ərzində 58,8 faiz abonent 1200-lük limiti keçməyib:

"Bu da 1 milyon 441 min abonnet deməkdir. Ötən illə müqayisədə xeyli miqdarda fərq var. Bu nəticəyə SOCAR "Azəriqaz" İstehsalat Birliyinin gördüyü işlərdə, yəni xəttlərin dəyişməsi, yenilənməsi prosesləri sızmaların da qarşısın alır və abonentlərə normal səviyyədə, normal təzyiqli qazın verilişini təmin edir".

Həmidə İbrahimova