Multikulturalizm və azərbaycançılıq ideyasının fəlsəfəsi
Azərbaycan xalqının zənginliyi və xöşbəxtliyi həm də onun milli-mədəni müxtəlifliyindədir. Tarixən Azərbaycanda müxtəlif etnoslara, dinlərə, mədəniyyətlərə məxsus xalqlar çiyin-çiyinə yaşamış, mehriban dolanmış və lazım gələndə Vətən uğrunda birgə mübarizə aparmışlar. Azərbaycanda yaşayan müxtəlif xalqları milli-dini fərqliliyinə baxmayaraq bir amal uğrunda - müstəqil Azərbaycan dövləti ətrafında sıx birləşdirmək üçün ən uğurlu milli ideya - azərbaycançılıq ideyası olıb.
Dövlətçilik və milli-mənəvi dəyərlərə sadiqlilik hər bir Azərbaycan vətəndaşını siyasi mövqeyindən, sosial statusundan, tutduğu vəzifədən asılı olmayaraq vətənpərvər olmağa, milli maraqları şəxsi mənafedən üstün tutmağa, dövlətin möhkəmlənməsinə və qanunçuluğuna xidmət etməyə çağırır.
Azərbaycançılıq ideyasının tərkib hissələrindən biri milli-mənəvi dəyərlərə sadiqlikdir. Milli-mənəvi dəyərlər dedikdə ölkədə yaşayan hər bir etnosun, sosial qrupun tarix boyu əldə etdiyi özünəməxsus dəyərlər, inanclar, adət-ənənələr nəzərdə tutulur. Bu dəyərlər fərqli ola bilər. Lakin hüquqi dövlətdə hər bir kəsin başqasının hüquq və azadlıqlarına, milli mənsubiyyətinə və mənəvi dəyərlərinə hörmətlə yanaşması əsas şərtdir. Azərbaycanda uzun illər yəhudi, pravoslav, katolik, islam mədəniyyəti yanaşı yaşamış, inkişaf etmiş, bir-birini qarşılıqlı zənginləşdirib.
Azərbaycançılıq ideyasının milli-mənəvi dəyərlərə sadiqlik konsepsiyası üç komponentdən ibarətdir: dil, din və adət-ənənə. Azərbaycanda yaşayan müxtəlif xalqların öz dilində danışmaq, yazmaq və fikrini ifadə etmək hüququ konstitusion norma kimi dövlətimizin ana qanunu olan Konstitusiyamızda öz əksini tapib. Məhz müstəqil Azərbaycan dövləti hüquqi dövlət olaraq bütün vətəndaşlarının hüquq bərabərliyini təmin edir və həyata keçirir. Azərbaycanda hər bir kəsin dini etiqad azadlığı tam təmin olunub və bu hüquqlar qanunvericiliklə qorunur. Milli ekstremizmə və terrorçuluğa, zorakılığa çağıran dini təmayüllər istisna olmaqla, bütün dinlərin və məzhəblərin Azərbaycanda yaşamasına və yayılmasına heç bir maneə yoxdur. Azərbaycan xalqını bütövləşdirən və öz dövləti ətrafında sıx birləşdirən azərbaycançılıq ideyasının milli-mənəvi dəyərlərinin daha bir tərkib hissəsi adət-ənənələrin qorunması və tarixə hörmətdir. Azərbaycanda hər bölgədə, hər kənddə yaşayan kiçik etnik icmaların və sosial qrupların adət-ənənəsinin yaşanması bir tərəfdən xalqın tarixinin, mədəni zənginliyinin qorunmasının ifadəsidirsə, digər tərəfdən dövlətin milli-mədəni müxtəlifliyə qayğısının nəticəsidir.
Azərbaycançılıq ideyasının inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması, təbliği, dünyaya tanıtdırılması istiqamətində Heydər Əliyev Fondu tərəfindən tarixi əhəmiyyətli böyük işlər görülür. Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti nətucəsində milli-mənəvi dəyərlərimizin daşıyıcıları olan muğamın, rəngkarlığın, xalçaçılığın, saz ifaçılığının dünya səviyyəsində tanınması, təbliği və dəyərləndirilməsi işi uğurla həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli ideyanın qorunması, inkişafı və dövlətçiliyin möhkəmləndirilməsinə xidmət etmək baxımından çox böyük işlər görür. Məhz Azərbaycan prezidentinin rəhbərliyi altında ölkəmizdə 2000-ə yaxın məscid və digər dini məbədlər tikilib. Pravoslav, katolik, alban kilsələrinin , sinaqoqların tikintisi və təmiri həyata keçirilib.
Bu gün dünyada gedən proseslərin əsas istiqamətlərindən biri də dini-etnik müxtəliflik və sosial-mədəni inteqrasiyadır. Etnomədəni müxtəliflik hər bir dövlətin həyatında, xalqların bir-birini qarşılıqlı zənginləşdirməsi ilə müşayət olunsada çox zaman düzgün siyasət yeridilmədiyi halda, etnoslararası və mədəniyyətlərarası ziddiyyətlərə səbəb olur. Çox təəssüf ki, müasir dünyada biz bir çox ölkələrdə dini və etnik zəmində qarşıdurmaların, münaqişələrin və müharibələrin şahidi oluruq.
Sosioloqlar cəmiyyətdə etnomədəni təsirlərin əsas dörd variantını qeyd edirlər. Bu variantlardan biri mədəni unifikasiya yaxud bir mədəniyyətin digər mədəniyyəti assimilyasıya edərək özününküləşdirməsidir. Mədəni-etnik münasibətlərin digər variantı mədəniyyətlərin separasiyası - bir-birindən ayrı yaşamasıdır. Başqa bir mədəni-etnik münasibət böyük toplumun kiçik topluma malik mədəniyyəti təcrid edərək inkişafdan saxlamasıdır. Bütün bunlar yuxarıda qeyd olunan mədəni-etnik münasibətlər, etnik və dini qruplar arasında mövcud olan ziddiyyətləri aradan qaldırmır, əksinə onları daha da dərinləşdirir və kəskinləşdirir. Belə mədəni-etnik münasibətlərə alternativ olan xüsusi bir münasibət tipidə vardır ki, bu sosial-mədəni inteqrasiya adlanır. Sosial-mədəni inteqrasiya icmalar arasında mədəniyyətlər mübadiləsini təmin etməklə hər bir icmaya məxsus mədəniyyətin qorunub saxlanılmasına da şərait yaradır. Sosial-mədəni inteqrasiyadan danışarkən böyük müvəffəqiyyətlə bu münasibətlərin Azərbaycan modelini göstərə bilərik.
Azərbaycanda etnik proseslərin tarixi inkişafı müxtəlif millətlərə, dinlərə və mədəniyyətlərə mənsub olan insanların bir sosial mədəni mühütdə yanaşı yaşamasını təmin etmiş və onların mədəniyyət mübadiləsi vasitəsilə bir-birini zənginləşdirməsinə gətirib çıxarib. "Novruz bayramı" bəzi ölkələrdə milli, bəzi ölkələrdə isə dini bayram kimi qeyd olunur. Azərbaycanda isə milli mənsubiyyətindən, islam dininin hansı mənsəbinə aid olmasından asılı olmayaraq əhalinin böyük əksəriyyəti tərəfindən bu bayram şadyanalıqla qeyd olunur. Muğam ifaçılığı və saz sənəti etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları tərəfindən öz incəsənətləri kimi qəbul olunur.
Bəlkə də Azərbaycan dünyanın yeganə ölkəsidir ki, burada müxtəlif dinlərin və məzhəblərin rəhbərləri daim görüşür, məsləhətləşir, ümumdövlət tədbirlərində birgə iştirak və çıxış edirlər. Dünya katolik və pravoslav kilsələrinin liderləri bu məzhəblər ayrılandan sonra on əsrə yaxın müddətdə görüşmədikləri halda, Azərbaycanda pravoslav və katolik kilsələrinin rəhbərləri daim bir yerdə olurlar.
Azərbaycan bəlkə də dünyanın yeganə ölkəsidir ki, orada sünnilər və şiələr birlikdə vəhdət namazı qılırlar. Azərbaycanda müxtəlif dini etnik qrupların sosial inteqrasiyası tarixi inkişaf prosesi nəticəsində baş vermiş və bu inteqrasiyada titul millətin - Azərbaycan türklərinin tolerantlıq xüsusiyyətinin böyük rolu olıb.
Sosial-mədəni inteqrasiya fərdin, yaxud sosial qrupun cəmiyyətə sadəcə birləşməsi deyil, o cəmiyyətin həyatında mühüm funksiyalara malik bir üzvə çevrilməsidir. İnteqrasiya nəzəriyyəsinin banisi ingilis sosioloqu Q.Spenser haqlı olraq qeyd edirdi ki, əgər cəmiyyəti bir orqanizm kimi təsəvvür etsək, inteqrasiya olunan toplum həmin orqanizmin bir işçi orqanı hesab olunacaq. Bu gün Azərbaycan mədəniyyətini saz, tar, rəngkarlıq, heykəltəraşlıq olmadan təsəvvür etmək mümkün olmadığı kimi, "Ləzginka" rəqsi, "Nənələr" halay qrupu olmadan da təsəvvür etmək mümkün deyildir.
Sosial-mədəni inteqrasiyanın baş verməsi üçün dövlət siyasətinin mühüm əhəmiyyəti vardır. Bu siyasət bütün mədəni müxtəlifliyə eyni münasibət bəsləmək, eyni hüquqlar vermək, eyni imkanlar yaratmaqdan ibarətdir.
Milli-mədəni müxtəliflik indiki dünyanın həyat tərzi olmaqla yanaşı bir sıra ölkələrdə ciddi dini, etnik, mədəni zəmində münaqişələrin mənbəyi də hesab olunur. Tanınmış sosioloqlar multikulturalizmin beş əsas formasını müəyyən edirlər:
İzolyasionizm və yaxud təcridetmə. Bu halda kiçik toplumlar titul millətdən təcrid olunur, ikinci növə çevrilir və cəmiyyətin həyatında fəal iştirak etməkdən məhrum olurlar. Ötən əsrin əvvəllərində Avstraliyada və Yaponiyada tətbiq olunan immiqrasiya haqqında qanun məhz bu siyasətə xidmət edirdi.
Assimilyasiya. Multikulturalizmin bu forması ölkəyə gələn miqrantları bir şərtlə qəbul edirdi ki, onlar öz əvvəlki adət və ənənələrindən imtina edərək titul millətin mədəniyyətini mənimsəməlidirlər. İkinci dünya müharibəsindən sonra Avropanın bir çox ölkələrində miqrantlara qarşı məhz bu siyasət həyata keçirilib.
Yumşaq multikulturalizm. Milli-mədəni inteqrasiyanın bu forması daha yumşaq bir siyasət olub miqrantların dini-mədəni müxtəlifliyinə tolerant münasibəti ifadə edir, qarşılıqlı dil, təhsil, mədəniyyət, ünsiyyət əlaqələri yaratmaqla kiçik sosial qrupların titul qrupa uyğunlaşmasını təmin edir. Bu model Kanadada geniş yayılib.
Sərt multikulturalizm. Multikulturalizmin bu forması dövlətin azsaylı toplumlara xüsusi fəal münasibətini ifadə edir. Dövlət bu toplumların cəmiyyətin həyatında tam hüquqlu və maksimum imkanlı üzv kimi iştirak etməsinə şərait yaradır. Milli-mədəni müxtəlifliyi təqdir edir, dəstəkləyir, lazım gəldikdə isə maddi yardım göstərir. Həm yumşaq, həm sərt multikulturalizm öz köklərilə liberal siyasət nəzəriyyəsinə bağlıdırlar. Lakin sərt multikulturalizm müasir liberalizmi, yumşaq multikulturalizm isə klassik liberalizmi özündə ehtiva edir.
Aparteid. Mədəni müxtəlifliyə reaksiyalardan biri də azsaylı toplumun cəmiyyət həyatına inteqrasiyasını qadağan edən, onları dövlət siyasəti səviyyəsində aşağı növ sosial qrup kimi tanıyan və repressiv üsullarla bu siyasəti davam edən aparteid rejimidir. Bu siyasət Cənubi Afrika Respublikasında qara dərili əhaliyə qarşı tətbiq edilib. Göründüyü kimi milli-mədəni müxtəlifliyin cəmiyyətdə münaqişə yaratmadan dinc yanaşı yaşaması, inkişaf etməsi və bir-birini zənginləşdirməsi üçün uyğun olan ən optimal forma liberal multikulturalizmdir.
Azərbaycanda mövcud olan multikultural münasibətlər müasir liberalizm siyasətinə uyğun olsa da, öz tarixi ənənələrinə və köklərinə görə unikal bir münasibətlər sistemini təşkil edir. Dövlət nə qədər çox xalqı birləşdirsə, bir o qədər çox zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz tövhəsini verir. Azərbaycan Respublikasının Konstitusiyasında ölkəmizdə yaşayan bütün milli-mədəni müxtəliflik daşıyıcısı olan toplumların bərabərlik hüququ, milli mənsubiyyət hüququ, ana dilindən istifadə hüququ təsbit edilib.
Məqalə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Uğur” Gənclərin Maarifləndirilməsi İB-nin həyata keçirdiyi "Gənclər arasında azərbaycançılıq ideyasının və multikultural dəyərlərin təbliği” layihəsi çərçivəsində hazırlanıb.












