DYP-nin Texniki Müayinə Mərkəzləri fasiləsiz iş rejiminə keçdi

 16:00 28.11.2022     236

Baş Dövlət Yol Polisi İdarəsin (BDYPİ) Texniki Müayinə Mərkəzləri fasiləsiz iş rejiminə keçib.

Bu barədə Redaktor.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, nəqliyyat vasitələrinin sahiblərinə fasiləsiz və daha keyfiyyətli xidmət göstərilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə, noyabrın 25-dən etibarən Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində və Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərində yerləşən Texniki Müayinə Mərkəzlərində 24 saat fasiləsiz iş rejimi tətbiq edilib.

Xidmətin fasiləsiz təşkili ilə Nazirlər Kabinetinin müvafiq komissiyası tərəfindən Bakı şəhərinə girişi və paytaxt ərazisində hərəkəti müəyyən olunmuş müddətlərdə məhdudlaşdırılmış yük avtomobillərinin, habelə gündüz saatlarında sərnişin daşıması ilə məşğul olan avtobusların sahiblərinə və sürücülərinə nəqliyyat vasitələrini iş saatlarından sonra texniki baxışa təqdim etmək imkanı yaradılıb.

Eyni zamanda xidmətin fasiləsiz təşkilinin Paytaxt ərazisində tıxacların qarşısının alınmasına da töhfə verəcəyi gözlənilir.

Xatırladaq ki, nəqliyyat vasitələrinin sahibləri və sürücüləri avtomobillərinin texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəli qaynar xəttlə əlaqə saxlaya bilər.