"Naxçıvanın statusunun ləğvinə hazırlıq gedir" - Natiq Cəfərli

 17:03 28.11.2022     795

"Naxçıvan Dövlət Gömrük Komitəsinin ləğv olunub baş idarəyə çevriləcəyi gözlənilən bir qərar idi. Bu yaxınlarda oradakı komitəni ləğv edib Bakıya tabe etdirmişdilər. Yəni bunun sadəcə hüquqi bazası yaradılmalı idi və bu gün prezident fərmanı ilə hüquqi bazası yaradıldı. Nəticə etibarilə də çox güman, Naxçıvanın digər regional strukturlarının da mərkəzi aparata, yəni Bakıya birləşdirilməsi baş verəcək".

Bu fikirləri Redaktor.az-a iqtisadçı ekspert Natiq Cəfərli Prezident İlham Əliyevin fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin ləğv edilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu, iqtisadi məsələdən daha çox siyasi məsələdir:

“Mən bunu belə başa düşürəm. Çünki idarəetmənin forması və Naxçıvanın statusu ilə bağlı dəyişikliklər çox güman ki, olacaq. Artıq üzü buna doğru gedir. Və nəticə etibarı ilə də statusun dəyişikliyinə, yəni Muxtar Respublikanın statusunun ləğvinə hazırlıq getdiyi haqqında indidən fikir söyləmək mümkündür”.

Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı fərmanla Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilərək Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb. Həmin idarə isə Dövlət Gömrük Komitəsinin strukturuna daxil edilib.

Həmidə İbrahimova