Milyonlarla pul verib alınan "London taksi"ləri haradadır? - Ekspert: "İllərlə dayanacaqlarda qaldı, yağışda çürüdü getdi"

 17:19 28.11.2022     658

2020-ci ilin avqust ayından paytaxtda fəaliyyətə başlayan "London taksi"ləri ilə günümüzdə demək olar ki, rastlaşmırıq. Halbuki bu avtomobillər dövlət hesabına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən ''Bakı Taksi Xidməti'' MMC-nin sifarişi əsasında Böyük Britaniyanın “London EV”(LEVC) şirkətindən alınaraq Bakıya gətirilib.

Maraqlıdır, paytaxta gətirilməsi üçün milyonlarla manat pul xərclənən bu taksilər indi harada fəaliyyət göstərirlər?

Məsələ ilə bağlı Redaktor.az-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı qeyd etdi ki, birinci mərhələdə gətirilən London taksilərə ara-sıra rast gəlmək olur.

“Düzdür, o avtomobillərin gətirilməsi başlıca konflikt yaratmışdı. Onun nəticəsində də, yüzlərlə avtomobil çöllərdə qaldı, çürüdü, yararsız hala düşdü. Ziya Məmmədov və "Hafka" ləqəbli ortağı Hafiz Məmmədovun yola getməməsi, pul məsələlərində bir-birini aldatmaları nəticəsində o maşınlar havada qaldı. O vaxt dövlət tərəfindən həmin maşınlara güzəşt tətbiq olunmuşdu. İlk başda gömrük rüsumu vermədilər, sonra onlar da sözlərinə əməl etmədilər, gömrük rüsumlarını ödəmədilər. Həmin maşınların bir hissəsi illərlə dayanacaqlarda qaldı, yağışda çürüdü getdi. İndi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi artıq məsələyə müdaxilə edib. Həmin avtomobillərin bir çoxu "Bakı taksi" MMC-yə verilib. Onlar da bu maşınların yararlılarını təmir edib və yenidən istismara verilib. Düzdür, bir çoxu sıradan çıxıb, amma böyük əksəriyyəti hələ də istismar olunur”, - deyə ekspert bildirdi.

Nərmin VÜQARQIZI