Azərbaycanın adı dəyişdirilməlidirmi?

 17:40 29.11.2022     1492

“Burada ilk atacağımız addım Azərbaycanın adını dəyişdirmək olmalıdır. Ölkəmizin adı Şimali Azərbaycan olmalıdır. Necə ki, bölünmüş digər xalqların adında Şimali və Cənubi ifadəsi var. Düşünürəm ki, bu həm də Cənubi azərbaycanlılar üçün stimul olar”.

Bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev deyib.

Maraqlıdır, həqiqətən də, Azərbaycanın adını dəyişdirib “Şimali Azərbaycan” qoymaq zəruridirmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan millət vəkili Fəzail Ağamalı dedi ki, bu, kifayət qədər müzakirə tələb edən məsələdir.

“Bu, Cənubi Azərbaycanda gedən proseslərə söykənərək ortalığa çıxarılan, müzakirə olunan mövzudur. Azərbaycan ilk müstəqillik qazandığı dövrlərdə də belə fikirlər var idi. Nəzərə alsaq ki, bu, konstitusional dəyişiklikdir və ciddi məsələdir, ona görə də, bu haqda fikir söyləmək çətindir”, - deputat qeyd etdi.

Türkoloq, professor Firudin Cəlilov isə bildirdi ki, insanlar bəzən başa düşmədiyi, bilmədiyi, anlamadığı, qanmadığı şeylər haqqında danışırlar.

“Birincisi, ona kim ixtiyar verib ki, ölkənin adını ərəb dilində "Şimali Azərbaycan" desin? İkincisi, dilimizdə "güney", "quzey" sözləri var, orada burada oturublar "şimal", "cənub", "qərb", "şərq" deyirlər. Qardaş, anlamadığınız məsələləri gündəmə gətirib camaatın başını qatmayın. Azərbaycan dövlətinin adını dəyişmək üçün bu ölkənin ağsaqqalları, alimləri, ziyalıları var. Bir onlardan məsləhət alın ki, belə bir şüar səsləndirmək, təklif vermək istəyirəm, bu nə dərəcədə doğrudur. Ondan sonra fikri çıxart gündəmə. Mənim bu məsələyə münasibətim belədir”, - deyə o vurğuladı.

Nərmin VÜQARQIZI