"Əsas diqqəti Güney Azərbaycanın probleminə yönəltmək lazımdır" - Sədrəddin Soltan

 13:08 30.11.2022     1673

Milli Məclisin dünən keçirilən iclasında Azərbaycan Respublikasının adının dəyişdirilməsi təklif olunub.

Millət vəkili Qüdrət Həsənquliyev öz çıxışında bildirib ki, ölkəmizin adı dəyişdirilib Şimali Azərbaycan qoyulmalıdır.

“Burada ilk atacağımız addım Azərbaycanın adını dəyişdirmək olmalıdır. Ölkəmizin adı Şimali Azərbaycan olmalıdır. Necə ki, bölünmüş digər xalqların adında Şimali və Cənubi ifadəsi var. Düşünürəm ki, bu, həm də Cənubi azərbaycanlılar üçün stimul olar”, - deyə deputat vurğulayıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirdi ki, istər Azərbaycan Xalq Cümhuriyyəti dövründə, istərsə də, 1988-ci ildə hərakat başlayandan sonrakı dövrdə bu istiqamətdə fikirlər səsləndirilib:

“Bu, təzə məsələ deyil. Bunun da əsas səbəbi Azərbaycan Respublikasının cənubunda Güney Azərbaycanın olduğunu göstərməkdir. Güney Azərbaycan deyiriksə, Qərbi Azərbaycan varsa, onda Şimali Azərbaycan haradır? Bu baxımdan Azərbaycan Respublikasının Şimali Azərbaycan adlandırılmasını normal qarşılayıram".

Onun sözlərinə görə, digər bir tərəfdən "Azərbaycan" deyiləndə də başa düşülür ki, söhbət nədən gedir.

"Çünki dünyada bir Azərbaycan var. Məsələn, Koreyada ölkə şərti olaraq Şimali və Cənubi Koreya adlanır. Onlardan birinin adı Koreya Respublikasıdır, digərinin adı isə Koreya Xalq Demokratik Respublikasıdır. Amma hər ikisi Koreyadır. Ona görə, Şimali Azərbaycan Respublikası adının qoyulmasına, tanıdılmasına ayrılan diqqəti, təbliğatı Güney Azərbaycanın tanıdılmasına, problemlərinin həllinə ayrılması daha yaxşı olar, nəinki, Azərbaycan Respublikasının adının dəyişdirib Şimali Azərbaycan Respublikası qoymaq. Hamı bilir ki, Azərbaycan Respublikası şimalda yerləşir. Amma əsas diqqəti, fikrimcə, Güney Azərbaycanın probleminə yönəltmək lazımdır. Ölkənin adının dəyişdirilməsi məsələsinin müzakirə edilməsi bizi əsas hədəfdən yayındıra bilər. Ən yaxşısı, "Güney Azərbaycan İran deyil" məsələsini gündəmdə saxlamaqdır”, - deyə S.Soltan vurğuladı.

Nərmin VÜQARQIZI