DİN rəsmisindən sosial şəbəkə istifadəçilərinə müraciət: "Bu görüntülərə azyaşlılar da baxır ki..."

 16:04 30.11.2022     881

Son zamanlar gənclər arasında kriminal aləmə, “yeraltı” dünyanın avtoritetlərinə maraq get-getə artır. Bütün bunlar sosial şəbəkələrdə aşkar hiss olunmaqdadır. İnsanlarımız haqlı olaraq bu durumdan narahat olub. Artıq vəziyyətin təhlükəli hal aldığını bildirirlər. Maraqlıdır, görəsən niyə gənclər elmin, texnikanın inkişaf etdiyi müasir dövrümüzdə kriminal aləmə meyl edir? Bu tip paylaşımlara dövlət tərəfindən nəzarət olunurmu?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev qeyd etdi ki, sosial şəbəkələrdə cinayət tərkibi paylaşımlar diqqət mərkəzində saxlanılır.

“Sosial şəbəkələrdə və digər elektron informasiya seqmentlərində cinayət tərkibi, inzibati xəta tərkibi yaradan hallarla bağlı paylaşımlar, yazılar, fotoşəkillər, video görüntülər tərəfimizdən aşkarlanacağı təqdirdə həmin hüquq pozuntusu ilə əlaqəli müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır. Bu məsələ ilə bağlı tək hüquq mühafizə orqanları yox, eləcə də vətəndaşlar, sosial şəbəkə üzvləri tərəfindən daxil olmuş bütün müraciətlərə diqqətlə və həssas yanaşılır. Cəmiyyətimiz bir olaraq bu məsələlərdə, kriminal əhəmiyyət, kriminal mahiyyət daşıyan informasiyaların yayılmasında, kütləvi formada tirajlanmasında, onların sosial şəbəkə seqmentlərində yerləşdirilməsindən çəkinməlidirlər. Çünki bu görüntülərə, fotoşəkillərə, yazılara azyaşlılar da, yetkinlik yaşına çatmayanlar da baxır ki, bu da onların hansısa davranışlarında neqativ təzahürlərlə ortaya çıxa bilər. Bütün bunları nəzərə alaraq, cəmiyyət olaraq hər bir sosial şəbəkə istifadəçisi, sosial şəbəkə üzvü bu məsələləri diqqətdə saxlamalıdır”,- deyə DİN rəsmisi qeyd etdi.

Həmidə İbrahimova