Sosial şəbəkələrdən əldə edilən gəlirlər də vergiyə cəlb olunacaq - Deputat

 18:13 05.12.2022     1120

Bu gün hər yaşda insanın sosial şəbəkə istifadəçisi olduğunu müşahidə edirik. Bir çoxlarımız əyləncə, informasiya əldə etmək üçün istifadə etsək də, bəzilərimiz bu platformadan etdikləri paylaşım nəticəsində gəlir əldə edirlər.

Xüsusilə son dövrdə populyarlıq qazanan “TikTok”da qazanc əldə etmək çox sadələşib. Hətta şou-biznesdə “Pişik” ləqəbi ilə məşhurlaşan müğənni Günel Ələkbərova bu platformadan bir dəfə açdığı canlı yayım vasitəsilə 7-10 min manat, aktrisa Pərvin Abıyeva gündəlik 2-3 min dollar, aktyor Elcan Rəsulov isə gündəlik 50 dollar qazandığını bildirib.

Maraqlıdır, sosial platformalardan qazanc əldə edən şəxslər dövlətə vergi ödəyirmi?

Sualımızı cavablandırması üçün Milli Məclisin deputatı Azər Badamov ilə əlaqə saxladıq. O, Redaktor.az-a bildirdi ki, sosial şəbəkələrdən və elektron ticarətdən gələn gəlirlərin vergiyə cəlb olunması ilə bağlı Vergi Məcəlləsində tələblər müəyyənləşib.

“Təbii ki, sosial şəbəkələrdə qazanılan pullar banklardakı hesablara daxil olur. Ola bilsin ki, bu gün bu gəlirlərə lazımı qaydada nəzarət təşkil olunmayıb. Sosial şəbəkələr son illərin platformalarıdır və bu platformada qazanılan gəlirlərə daha dəqiq nəzarəti həyata keçirmək üçün yeni üsullar tətbiq olunmalıdır. Hesab edirəm ki, “Facebook”, “Tik-Tok”, “Youtube” və digər platformalardan daxil olan gəlirlərə də nəzarət edilməsi üçün yeni bir platforma yaradılacaq və həmin gəlirlər də vergiyə cəlb olunacaq”, - deyən deputat hesab edir ki, bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsinin də  öyrənilməsinə ehtiyac var.

Nərmin VÜQARQIZI