Azərbaycançılıq: güclü dövlət, sabit cəmiyyət və birləşdirici dəyər

 16:17 30.11.2022     279

Müasir dövrdə dövlətlər mədəni strategiyalara əsaslanan düşünülmüş multukulturalizm siyasəti aparmaqla sabit və dayanıqlı inkişafa təkan vermiş olurlar. Belə olduqda cəmiyyətdə anlaşma mühitinin formalaşması baş verir ki, fərqliliklər parçalanmağa deyil, dəyərə çevrilməklə bütövləşməyə, vahid gücə çevrilir. Bunu Azərbaycan Respublikasının timsalında aydın görmək olar. Belə ki, Azərbaycanın milli mədəniyyətinə uğurla inteqrasiya olan müxtəlif xalqların nümayəndələri harmonik inkişaf edirlər. Multikulturalizmdən imtina etmək isə yaxşı heç nə vəd etmir, çünki bu, təəssüf ki, bütün dünyada getdikcə artan anlaşılmazlığa, fobiyaya, qarşıdurmaya, milli və dini münaqişələrə aparıb çıxarır.

Hazırda dünyanın bir sıra ölkələrində fərqli mədəniyyətlərin toqquşmasının nəticəsində xoşagəlməz tendensiyalar meydana çıxır. İslamofobiya, irqçilik, ksenofobiya kimi təhlükəli meyillərin bəzən süni şəkildə alovlandırılması bu cür toqquşmaları daha da dərinləşdirir, nəticədə  insan haqları və sosial sabitlik pozulur.

Azərbaycanda isə əsrlərdən gələn multikulturalizm, dözümlülük və qarşılıqlı hörmət mühitində sabitlik, təhlükəsizlik, insan haqlarının müdafiəsi təmin edilir. Tarixən müxtəlif etno-mədəni qrupların və dini konfessiyaların birgə yaşadığı ölkəmizdə multikulturalizm siyasəti ən uğurlu tapıntıdır. Multikulturalizm ölkəmizdə mövcud olan bütün milli azlıqları vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirdi. Hazırda multikultural və tolerant dəyərlərə Azərbaycanın mənəvi sərvəti kimi yanaşılır.

Azərbaycan Respublikasının Prezidentinin fərmanları ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidmətinin təşkil olunması, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, bir çox universitetlərdə multikulturalizm kafedralarının açılması və nəhayət, 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan olunması milli-mədəni müxtəliflikdən, milli-mədəni müttəfiqliyə keçidin çox gözəl bir formasıdır və dünyaya humanist çağırışdır.

Bu gün respublikamız özünün uzun əsrlərin süzgəcindən süzülüb gələn zəngin multikulturalizm modelini dünyaya təqdim etməkdədir. Azərbaycanın bu sahədəki təcrübəsi qədim tarixə malikdir. Ölkəmizdə kilsə, sinaqoq və məscidlər azad, sərbəst, təhlükəsiz, qarşılıqlı hörmət əsasında, tolerantlıq şəraitində fəaliyyət göstərir. Təbii ki, belə bir mühit dövlətin apardığı siyasət və xalqın unikal daxili birgəyaşayış mədəniyyətini həyat tərzinə çevirməsi nəticəsində formalaşıb.

Prezident İlham Əliyev fəaliyyətində hər zaman multikulturalizmə xüsusi önəm verərək deyib: “Leksikonumuzda nisbətən yeni söz olan multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Sadəcə, müxtəlif cür adlanıb, lakin mahiyyəti dəyişməyib”.

Bu baxımdan Azərbaycan tolerantlıq və multikulturalizm diyarı olaraq humanitar və mədəniyyət sahələrində qlobal əməkdaşlıq üçün əlverişli məkandır. Ölkəmizin qlobal mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsi təsadüfi xarakter daşımır. Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edir, əsl tolerantlıq və inkişaf məkanı olduğunu təsdiqləyir.

Azərbaycan dövləti daxili sabitliyin qorunması və möhkəmlənməsi üçün multikultural siyasətə böyük önəm verir. Multikulturalizmin qaynaqlarının öyrənilməsi dünya dövlətlərinin və xalqlarının ictimai anlaşma və həmrəylik şəraitində yaşamasının təmin olunması, dözümlü münasibətin formalaşması bütün dünyada multikulturalizmin inkişafına böyük tövhədir. Son illərdə ölkəmizdə tolerantlıq, milli-mədəni müxtəliflik, humanitar əlaqələrin genişlənməsi və bu sahədə təsisatların yaranması istiqamətində çox böyük işlər görülmüşdür. 2008-ci ildən başlayan "Bakı prosesi" layihəsi çərçivəsində həyata keçirilən humanitar forumların Azərbaycan paytaxtında təşkil olunması dövlətimizin dünyada multikultural dəyərlərə önəm verdiyinin əyani sübutudur.

Azərbaycanın dövlət quruculuğu mədəniyyəti tarixən ölkədə məskunlaşan ayrı-ayrı xalqların biliklərinin, vərdişlərinin və təcrübəsinin sintezindən  ibarət olub və hazırda da belədir. XX əsrdə Azərbaycanda vətəndaş milləti formalaşıb. Bu formalaşma və inkişaf müasir dövrümüzdə də uğurla davam edir, Azərbaycan dövlətinin mədəniyyətlərarası siyasi dialoqunun və birgəyaşayış prinsiplərinin ümumi çərçivələrinin müəyyənləşməsində qabarıq nəzərə çarpır.

Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq ki, bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyillər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır.

Bütün bunlar multikulturalizmə Azərbaycanda hər zaman mühüm önəm verildiyini göstərir. Tarixi araşdırmalar da təsdiqləyir ki, xalqımız əsrlər boyu tolerantlıq, dözümlülük, başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini həyat tərzinə çevirərək bu prosesə mühüm töhfələr verib.

Güclənməkdə və inkişafda olan Azərbaycan dövləti həm də müasir dövrün çox mürəkkəb problemləri ilə üzləşərək onları həll etməyə cəhd göstərir və ya həmin böhranların ölkəmizə təsirini azaltmağa çalışır. Regionda sabitlik, əmin-amanlıq və davamlı inkişaf nümunəsi olan Azərbaycan ərazisində olan müxtəlif millətlərin birgəyaşayışını təmin etməklə, bu nümunəni bütün dünyaya yayır. Tarix sübut edir ki, yalnız belə dəyərlər üzərində qurulan dialoq və əməkdaşlıq münaqişələrin qarşısını alır və dayanıqlı inkişafa gətirib çıxarır.

Son illərdə paytaxt Bakıda təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər də Azərbaycanda multikulturalizmin inkişafından xəbər verir. Beynəlxalq Humanitar Forum, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Zirvə görüşü, Krans Montana Forumu, Davos Forumu və digər beynəlxalq tədbirlər göstərdi ki, Azərbaycan multikultural ideyalar ətrafında intellektual müzakirələr məkanı kimi ən əlverişli dövlət, Bakı şəhəri isə sülh və sabitlik paytaxtıdır.

Həmin tədbirlər, eyni zamanda, xalqımızın yüksək qonaqpərvərliyini nümayiş etdirməklə yanaşı, Azərbaycanın qədim mədəniyyətə, zəngin incəsənətə malik polietnik respublika olduğunu sübuta yetirdi. Bu, dövlətin müxtəlif dinlərə, dillərə mənsub xalqlarının dinc, yanaşı yaşadıqları multikultural ölkə kimi nüfuz qazandığını təsdiqlədi.

Ölkəmizdə mədəni müxtəlifliyin, sivilizasiyalararası dialoq mühitinin qurulmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri də xüsusi qeyd olunmalıdır. Mehriban Əliyevanın aşağıdakı sözləri Azərbaycanda insan amilinə, bəşəri dəyərlərə, multikulturalizmə necə önəm verilməsinin, xalqlara, etnik qruplara məxsus adət-ənənələrin dərindən qorunmasının parlaq ifadəsidir:

“Xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın hökm sürdüyü Azərbaycan cəmiyyəti bizim tarixi nailiyyətimizdir və bu amil ictimai-siyasi həyatımızın aparıcı normasına çevrilmişdir. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik şərait təmin edilmişdir. Azərbaycanın bütün vətəndaşları dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, əsas insan hüquq və azadlıqlarına malikdirlər. Qürurverici faktdır ki, Azərbaycan dünya ölkələri üçün tolerantlıq örnəyi hesab olunur və bir çox dövlətlər bizim təcrübəmizdən yararlanmağa çalışırlar”.

Multikultural təhlükəsizlik enerji təhlükəsizliyi, iqtisadi təhlükəsizlik, ictimai asayişin qorunması, qida və dərman təhlükəsizliyi, mənəvi və ideoloji təhlükəsizlik kimi çox vacib əhəmiyyət daşıyır və hər bir ölkənin milli təhlükəsizlik sisteminin mühüm komponentini təşkil edir. Azərbaycan dövlətinin daxili siyasətində insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, irqi, milli, dini, cinsi, əqidə, siyasi və sosial mənsubiyyətinə görə insanların fərqləndirilməsini qadağan edir və hər kəsə bərabər təminatlar yaradır. Məhz bu bərabər təminatlar multikultural təhlükəsizliyin əsasını təşkil edir. Azərbaycanda bütün milli, dini, mədəni, sosial qruplara dözümlü münasibət göstərmək, mərhəmət və şəfqət hissi ilə yanaşmaq bir tərəfdən titul millət sayılan Azərbaycan türklərinin xarakterini ifadə edirsə, digər tərəfdən dövlət siyasətinin bu sahəyə diqqətinin nəticəsidir.

Məqalə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Uğur” Gənclərin Maarifləndirilməsi İB-nin həyata keçirdiyi "Gənclər arasında azərbaycançılıq ideyasının və multikultural dəyərlərin təbliği” layihəsi çərçivəsində hazırlanmışdır.