"APA TV xəbər kanalı kimi fəaliyyət göstərəcək" - Vüsalə Mahirqızı
Xəbər verdiyimiz kimi, Audiovizual Şura beş kanala platforma yayımçısı lisenziyası verib. Onlardan biri də APA TV-dir.
Redaktor.az-a mövzu ilə bağlı danışan "APA-Holding" MMC-nin prezidenti Vüsalə Mahirqızı APA TV-nin gələcək perspektivlərindən danışdı.
Onun sözlərinə görə, APA TV bundan sonra fəaliyyətini kabel televiziyası kimi davam etdirəcək.
"Platforma yayımçısı lisenziyası almağımız bizə kabel yayımı ilə məşğul olmaq imkanı yaradır. Biz də ilk mərhələdə müqavilələr imzalayıb kabel yayımına başlayacağıq. Təbii ki, verlişlərimiz də bu istiqamətdə olacaq. Bizə verilən xəbər televiziyası lisenziyasıdır. Yayımımızın 75 faizdən çoxu xəbər üzərindən olacaq. Yəni birmənalı olaraq, APA TV xəbər kanalı kimi fəaliyyət göstərəcək. Əlbəttə, yeni layihələr də olacaq. İnşallah, gələcəkdə əgər peyk yayımı ilə bağlı müsabiqələr olarsa, ona da qatılacağıq. Əsas məsələ, özümüz üçün də çox böyük bir uğurdur ki, media haqqında yeni qanunla Audiovizual Şuranın bu lisenziyanı verməsi üçün olan bütün tələblərə APA TV cavab verdi və standartlara uyğun oldu. Bununla yanaşı, bizim üçün əsas prioritetlərdən biri yenə də sosial mediada genişlənmək, fəaliyyətimizi daha da artırmaqdır. Nəzərə almalıyıq ki, insanlar sosial media üzərindən informasiyanın alınmasına indi daha çox diqqət edirlər və daha rəğbətlə yanaşırlar".
V.Mahirqızı daha sonra gələcək planlarından danışaraq qeyd etdi ki, kanalın tam gücü ilə işləməsi üçün APA TV-nin formalaşmış böyük kollektivi var və yeni qoşulacaq "məşhur isimlər" barədə danışmaq tezdir:
"Sözün düzü, bu barədə müzakirəmiz olmayıb. Çünki lisenziyanı təzəlikcə almışıq. Onsuz da kifayət qədər geniş kollektivimiz var. Hər halda yaxın vaxtlarda artıq biləcəyik ki, əlavə verlişlərə və kadrlara ehtiyac varmı? Bir az bu barədə danışmaq tezdir. Çünki bunu APA TV-nin kollektivi ilə müzakirə etməliyəm".
Həmidə İbrahimova












