"Gözümlə görmüşəm ki, məhsulun üstündəki köhnə tarixi silib, yenisini yazırlar" - Deputat
“Supermarketlərdə vaxtı keçmiş məhsullar var. Gözümlə görmüşəm ki, məhsulun üstündəki köhnə tarixi silir, yenisini yazıb “peçat” vururlar”.
Redaktor.az xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev bildirib.
“Uşaq qidası ilə bağlı da problem var, qısa zamanda qarşısı alınmasa, bundan böyük problemlər yaranacaq”.
Deputat gömrüklə bağlı da təklif irəli sürüb: “Qaydaya əsasən, 1 təqvim ayı ərzində 300 dollar limiti keçməmək şərti ilə xaricdən mal gətirə bilərsiniz. Orada imkan varmı ki, “yol pulu” deyilən məbləğ həmin 300 dollara daxil edilməsin?”.
Çıxışında millət vəkili həmçinin ölkədə bahalaşmanın sürətlə getməsindən də şikayətlənib.
“Bir butulka suyu götürürsən, üstündə yazır 90 qəpikdir, kassaya gedənə qədər onun qiyməti olur 1 manat 10 qəpik. Artıq bilmirəm, marketdə kassaya gedən yolda gömrük, yoxsa nə var. Ölkədə süni qiymət artımının qarşısını almaq lazımdır ki, belə hal yaşanmasın. Ölkədə supermarketlər yenidən oyunlarına başlayıblar. Bir müddət mən burada məsələ qaldırandan sonra supermarketlərdə yığıncaqlar keçirilirdi ki, Milli Məclisdə bu məsələyə diqqətlə yanaşırlar. Amma bu da qısa oldu, yenidən qiymət artımları var”, - deyə deputat vurğulayıb.












