"Azərbaycanda icra başçılarının 70 faizini içəri basmaq lazımdır" - Baba Vəziroğlu

 17:12 01.12.2022     589

"Azərbaycanda icra başçılarının 70%-ni dəyişmək lazımdır. Dəyişmək də yox, içəri basmaq lazımdır. İndi icra başçısı vəzifəsində çalışanların tutulanlardan heç bir fərqi yoxdur. Yevlaxın icra başçısı saxlanılıbsa, ətraf rayonların da başçıları saxlanılmalıdırlar. Çünki rayonlar dəhşətli vəziyyətdədir".

Redaktor.az xəbər verir ki,  bu sözləri Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu Modern.az-a müsahibəsində deyib.

B.Vəziroğlu bildirib ki, rayonlara Ramiz Mehdiyevin köhnə kadrları başçılıq edirlər: 

"Bir-ikisi istisna olmaqla, hamısı quldur, millətə zülm edənlərdir. Bir neçə gün əvvəl ali bir məclisdə dedim ki, araşdırmısınız, bu qədər qazi niyə intihar edir? İcra başçıları otururlar kresloda, telefonla məşğuldurlar, heç bir işləri yoxdur. Hər şeyi professional şəkildə relsə qoyublar, pul özbaşına ciblərinə axır. Telefonda boş-boş işlərlə məşğuldurlar, yeyib-içirlər. İcra hakimiyyətinin qarşısında sözünü demək istəyən qazini qəbul etmək nə çətin işdir?! O başçının köməyi gözünə girsin, təpəsinə dəysin. O qazi dinlənilmək istəyir, təsəlliedici söz demək çətin deyil. Cibinə yığdığın rüşvətdən hələlik bir az ver ki, dərdinə çarə tapsın, həm də Allaha xoş getsin. O qazinin puludur da, yeyib, talayıb oturmusan orada, qudurğanlıq edib niyə qəbul etmirsən? Qazinin psixoloji problemi var deyirlər, ay alçaq, psixoloji problemi var, göndər, müalicə alsın. İcra başçısı o bölgədə Prezidentin səlahiyyətli nümayəndəsidir. Bu boyda məmləkətin Prezidenti balaca uşağın qarşısında əyilir, söhbət edir. Sən niyə özünü darta-darta yeriyirsən? Onları görəndə məcbur qalıb əl verirəm, bilirəm ki, onların əlləri çirklidir, günaha batıb, qazi qanına batıb. Şəxsən tanıdıqlarım var, İsmayıllının, Biləsuvarın və bir neçə rayonun cavan, savadlı başçıları bütün gün vətəndaşların içindədirlər, onlara yardım edirlər".

Vumart və Güvən reklamı Vumart Güvən