Avtobuslarda təkcə birinci və sonuncu dayanacağın adı yazılmamalıdır - Ekspertdən TƏKLİF

Bir neçə il öncə avtobusların üzərində dayanacaqların adları - ön şüşədə və sərnişinlərin daxil olduqları qapı tərəfdə - sabit bir şəkildə qeyd olunurdu.
Son 8 ildir, yeni avtobuslar istifadəyə verildikdən sonra avtobusların üzərində yalnız birinci və sonuncu dayanacaqların adı qeyd olunur. İnsanlar mənzil başına gedən avtobusu təyin etmək üçün ya sürücüdən, ya da digər sərnişinlərdən soruşmaq məcburiyyətində qalır. Və ya sərnişin avtobusa daxil olduqdan bir müddət sonra görür ki, bu avtobus ona lazım olan ünvan istiqamətində hərəkət etmir. Bu da təbii ki, vaxt itkisinə səbəb olur.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirdi ki, “BakuBus”ın və ya Bakı Nəqliyyat Agentliyinin fəaliyyətindən kənar marşrut xətlərində köhnə sistem hələ də istifadə edilir.
“Bakı Nəqliyyat Agentliyi yenilik etmək üçün “BakuBas” və digər avtobus xətlərində olan marşrutların, rəqəmlərinin indeksləşməsinə başladı. Yəni bütün məlumatlar elektron tablolara qeyd olunmağa başladı. Əvvəllər əsas dayanacaqların adı qeyd olunsa da, indi birinci və sonuncu dayanacağın adı hərəkətli titr şəklində qeyd olunur. Bu da, son zamanlar Bakı şəhərinə gələn qonaqlar, yaşlı sakinlər və digər şəxslər üçün müəyyən dərəcədə narahatlıq hissi yaradır, çünki insanlar dayanacaq adlarını oxuya bilmir və yaxud dayanacağını harada düşməyi, hara getməyini qavraya bilmir. Nəticə olaraq da sürücüdən, digər sərnişinlərdən soruşur və bu bütün sərnişinlər üçün vaxt itkisinə səbəb olur. Bunun üçün də bu mexanizmi yenidən təşkil etmək, yeni sistemdən bu sistemə qayıtmaq, ən azı avtobuslardan gedəcəyi məntəqələrin adını və yaxud oradan keçəcəyi məşhur və böyük küçələrin adını qeyd etməklə mexanizmi qurmaq olar. Bu, heç pul aparan da bir şey deyil, çünki bununla bağlı kifayət qədər təcrübə var”, - deyə ekspert vurğuladı.
Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev bildirdi ki, avtobusda dayanacaq adlarının göstərilməsi ilə bağlı tələblərə əsasən, marşrut xətti boyunca başlanğıc və son dayanacaq, eləcə də, əsas cəlbetmə məntəqəsi hesab olunan müəyyən aralıq dayanacaqların adlarının göstərilməsi vacibdir.
"Bununla yanaşı yeni gətirilən avtobuslar var ki, onların salonunda monitorlar var. Həmin avadanlıqdan istifadə olunmaqla da, dayanacaq adları qeyd olunur. Siz "BakuBus"ın avtobuslarında buna rast gələ bilərsiniz”, - deyə qurum rəsmisi qeyd edib.
Qeyd edək ki, BNA rəsmisi avtobuslarda səsas cəlbetmə məntəqəsi hesab olunan müəyyən aralıq dayanacaqların adlarının göstərilməsinin vacibliyini bildirsə də, hazırda Bakıda müasir avtobusların heç birində buna rast gəlinmir.
Nərmin VÜQARQIZI


