Sumqayıtda şəhidin xatirə lövhəsini oğurladılar - VİDEO
Sumqayıt şəhərində Vətən müharibəsi şəhidi mayor Rahib Babayevin evinin qarşısında qoyulan xatirə lövhəsi bir neçə gün bundan əvvəl yerindən çıxarılaraq oğurlanıb. Oğurluq anı ərazidə yerləşdirilən video-kameralarla qeydə alınıb.
Bu barədə Redaktor.az-a şəhidin xanımı Aygün Babayeva danışıb.
Onun sözlərinə görə, lövhə oğurlanmazdan əvvəl İradə adlı bir qadın həmin ərazidə ona yer almağa kömək etmək üçün ona pul təklif edib:
“Burada "Aymoon butik" var, onun sahibi İradə xanım iki-üç ay bundan əvvəl bizə gəldi. Heç tanımadığım biri idi. Pul təklif etdi ki, "Gəl, sənin adından istifadə edək yer alaq . Mən oranı tikim". O da elə bir yerdir ki, bina sakinlərinin yolu oradan keçir. Hər tərəfi tikiblər. Bircə balaca yer qalıb ki, onu da bu qadın obyekt tkib yolumuzu kəsmək istəyirdi. Mən də təbii ki, razılaşmadım. Mən şəhidimin adın heç vaxt belə şeylərdə hallandırıb biabır edə bilməzdim. Ona görə də həmin qadına sözümü sərt formada dedim. Ondan əvvəl də binamızın yanında yoldaşıma abidə tikmək üçün lazımi orqanlara rəsmi müraciət etmişdim. Həm evimin yanıdır, həm də... Ümumiyyətlə Sumqayıtda Rahibin xatirəsinin yad olunması üçün nəsə edilməyib. Nə abidə, nə xatirə lövhəsi, heç bir şey. Rahib Azərbaycan Ordusunda 19 il zabit kimi xidmət edib, tabor komandiri idi. Amma nədənsə bu heç kimin yadına düşmür. Həmin plakatı da Şəhidlər xiyabanında təzə dəfn ediləndə məzarı başında qoyulmuşdu. Şəhidlər xiyabanı təmir olunanda bizə dedilər ki, məzarın üstündə nə varsa hər şeyi götürün. Mən onu götürüb xeyir-şər evinə qoydum. Əvvəlcə Rahibə abidə qoydurmaq istədim, amma pulum yetmədi. İmkanım olmadığına görə plakatı evimizin qabağına qoydurdum. Mən abidə üçün Sumqayıt İcra Hakimiyyətinə müraciət edəndə soruşdum ki, cavab nə olacaq? Dedilər ki, bütün şəhid ailələrinə "hə cavabı" deməsələr də, sizə icazə veririk. Mən də düşündüm ki, plakatın heç kimə maneçiliyi yoxdur. Bapbalaca bir yer tutur, bağın qarşısındadır. Biz bu lövhəni günorta saat 3-4 arası yerinə bərkitdik. Amma gecə saat 3-ə işləmiş gəlib vəhşi kimi söküb apardılar. Həmin anlar mağazanın kameralarına düşüb. Buralar əvvəllər açıqlıq idi. Lakin indi böyük tikililər var. Eşitmişəm ki, oranı tikdirən Soltan Bəndəliyev adlı şəxs Sumqayıt İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun yaxın qohumudur. Burada obyektlər tikiləndə də bina sakinləri olaraq hamımız şikayət etdik ki, piyada yolumuzu tutublar. Hər tərəfdən havamızı, nəfəsimizi kəsiblər”.
Söhbət əsnasında şəhidimizin xanımı evlə bağlı probleminin olduğunu dedi:
“Mənim mənzilim zirzəmi kimi bir yerdir. Birinci mərtəbədə yerləşir. Bütün obyektlərlər hər tərəfi tutublar. Gecələr qorxuram. Pəncərəmizin qabağı narkomanların istifadə etdiyi şprislər ilə dolu olur. Mən dul qadın, başımda yoldaşım yoxdur. Əvvəl qorxmurdum, amma indi isə gecələr qorxuram, birinci mərtəbədir kimsə nəsə etsə mən pis olacam. Üç uşaq böyüdürəm. Bir neçə il bundan əvvəl bizim düz pəncərəmizin qabağında bir qadını öldürüb atdılar. Bu obyektlər buranı elə qaranlıq edib ki... Gecə adam evə gələndə qorxur. Obyektin sahibinə işığı güclə vurdurduq. Mən ancaq onlardan şübhələnirəm. Çünki ora üçün mənə müraciət etdilər, mən onlara rədd cavabı verdim. Onu da acığa düşüb götürüblər. Biri deyir sahibi Qubadlıdandır. Amma mənə pul təklif edən qadın İradə adında xanım idi. Biri də deyir bura hamısı icra başçısınındır. Mən artıq kim olduğunu heç bilmirəm. Polisə verəndə mənə dedilər ki, tapacağıq, amma 4 gündür heç nə tapılmayıb”.
Mövzu ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. DİN-nin Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov bildirdi ki, hadisədən xəbərdardır və bununla bağlı araşdırmalar aparılır:
“Şəhidimizin ailə üzvləri tərəfindən Sumqayıt şəhər polis idarəsinə müraciət daxil olub. Hazırda həmin şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində tədbirlər görülür”.
Həmidə İbrahimova
.png)













