Azərbaycan-Özbəkistan şairlərinin növbəti poeziya görüşü keçirildi - FOTO

 12:26 05.12.2022     267

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan və Özbəkistan Yazıçılar Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin dəstəyi ilə cari ilin mart ayından keçirilməsinə start verilən Azərbaycan və Özbəkistanın gənc şairlərinin iştirakı ilə “Məclisi - fəramuşan” adlı növbəti poeziya görüşləri keçirilib.

Redaktor.az xəbər verir ki, onlayn formatda keçirilən poeziya görüşündə giriş sözü ilə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov rəhbərlik etdiyi Mərkəzin təşəbbüsü və layihəsi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2022-ci ilin Şuşa ili elan olunması ilə əlaqədar iki əsrdən sonra bərpa olunan və Azərbaycan və Özbəkistanın gənc şairləri arasında keçirilən “Məclisi - fəramuşan” poeziya görüşləri haqqında məlumat verib.

O, keçirilən bu poeziya görüşlərinin əsas məqsədinin iki ölkə arasında mədəni-ədəbi əlaqələri yeni səviyyəyə yüksəltmək, hər iki ölkədə poeziya sahəsində yeni istedadları müəyyənləşdirərərək ortaya çıxarmaq, Azərbaycanın Qarabağ bölgəsinin, Şuşa şəhərinin zəngin mədəni-ədəbi ənənələrə malik olduğunu dünyaya nümayiş etdirmək olduğunu bildirib.

Samir Abbasov “Məclisi - fəramuşan” şairlər yığıncağının rəsmi açılışının bu ilin aprel ayının 17-də Azərbaycan və Özbək şairlərinin iştirakı ilə mədəniyyətimizin paytaxtı Şuşa şəhərində edildiyini qeyd edərək, gələn ildən Azərbaycan Mədəniyyət Nazirliyi, Türk Tarixi və Mədəniyyəti Fondunun dəstəyi ilə sözügedən şairlər məclisinin xüsusi yığıncağının Şuşada bütün Türk dövlətlərinin iştirakı ilə təşkil ediləcəyini qeyd edib.

S.Abbasov “Şuşa ili” ili çərçivəsində  Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə tanınmış şairəmiz Xurşidbanu Natəvanın əsərləri Azərbaycan və Özbək dillərində nəfis şəkildə nəşr edildiyini, 2022-ci il “Məclisi - fəramuşan” şairlər yığıncağına qoşulan və şeirlərini səsləndirən Azərbaycan və Özbək şairlərinin əsərlərinin toplanaraq növbəti ildə nəşr olunacağını qeyd edib.  

Özbəkistan Ali Məclisinin deputatı, xalq şairi İqbal Mirzə bu tarixi layihənin bərpası və təşəbbüsə görə Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib.

Deputat Azərbaycan-Özbəkistan arasında tarixi, mədəni münasibətlərin qədim dövrdən başlanmasını qeyd edərək, bütün Türk xalqlarının ədəbiyyatının böyük nümayəndəsi, şair, alim Əlişir Nəvainin Nizami Gəncəvini öz ustadı, ilhamvericisi hesab etdiyini və Azərbaycan xalqının yüksək istedada, zəngin mədəni-ədəbi ənənələrə malik olduğunu xüsusi vurğulayıb. “Məclisi - fəramuşan”  şairlər yığıncağını Türk dünyasının ədəbiyyatı, ədəbi əlaqələrin inkişafı üçün gözəl platforma adlandıran İqbal Mirzə məclisin gələcəkdə yeni-yeni istedadların üzə çıxmasına dəstək olacağına inandığını söyləyib. İqbal Mirzə çıxışında Azərbaycan xalqını öz əzəli torpaqlarını erməni işğalından  azad etməsi münasibətilə təbrik edib, növbəti il tədbirin Türk dünyası şairlərinin iştirakı ilə Şuşada keçirilməsini tarixi hadisə kimi dəyərləndirib.

Azərbaycan Respublikasının xalq şairi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Vahid Əziz tədbirdə çıxış edərək  Azərbaycan-Özbəkistan arasında gənc şairlərin iştirakı ilə bərpa olunan “Məclisi - fəramuşan” şairlər yığıncağını yüksək qiymətləndirmiş, xalqlarımız arasında ədəbi əlaqələr və tarixi dostluqdan  danışıb. Xalq şairi Vahid Əziz dövlətlərimiz arasında yüksək səviyyəli münasibətləri xüsusi qeyd edərək, məhz, 28 ildən sonra Ali Baş Komandan, prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı ordusu Vətən torpaqlarını azad etdiyini qeyd edib.

O, tədbiri bir poeziya bayramı adlandırıb, harda şeir, sənət, söz, poeziya varsa orda anlaşma, sevgi, xoşbəxtlik olduğunu vurğulayıb.

Digər çıxışçı Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professoru Nurbay Cabbarov  bu tarixi layihənin  bərpasını möhtəşəm ədəbi hadisə adlandıraraq, zəngin poeziyaya malik xalqlarımızın öz ədəbiyyatları ilə fəxr etməli olduğunu bildiriblər. şairlərimiz arasında belə görüşlərin keçirilməsinin vacibliyini qeyd etdilər. O,  Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşünün  uğurla keçirilməsi və bu sammitin Azərbaycan-Özbəkistan, bütövlükdə Türk dövlətləri arasında əlaqələrin daha da yüksək səviyyəyə çatmasına təkan verdiyini bildirib.

Daha sonra hər iki ölkənin şairləri “Məclisi - fəramuşan” üçün öz şeirlərini oxuyub və fikirlərini bölüşüblər.

Azərbaycan şairləri Elməddin Nicat, Aysel Xanlarqızı Səfərli, Xəyalə Sevil, Yusif Nazim Ərəbsoy, Vüsal Yurdoğlu, Özbək şairlər Kumush Abdusalomova, Shaxriyor Shavkat, Sevinch Avazova, Madina Norchayeva, Shaxzod Shodmonov “Məclisi-fəramuşan” poeziya görüşündə öz şeirlərini səsləndiriblər.

Qeyd edək ki, Azərbaycan tərəfdən məclisin moderatoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair Fuad Cəfərli, Özbəkistan tərəfindən Özbəkistan Yazıçılar Birliyinin üzvü, şairə Nargiz Asadova olub.

T.İSMAYIL

2222