"Get kimə şikayət edirsən, et" - 41 saylı marşrutda sərnişinlər siqaret tüstüsündən boğulur

 19:23 05.12.2022     858

Bakıda avtobus sürücüsü sərnişinlərin sağlamlığını təhlükəyə ataraq sükan arxasında siqaret çəkir.

Bu barədə Redaktor.az-a İltifat Soltanov adlı sərnişin məlumat verib. Onun sözlərinə görə, Binəqədi istiqamətində çalışan marşrutların əksəriyyətində tez-tez belə hallarla rastlaşır.

“Bildiyimə görə, avtobusda siqaret çəkmək qadağandır. Lakin bu qaydalara demək olar ki, məhəl qoyulmur. Binəqədi istiqamətində hərəkət edən demək olar ki, bütün marşrutlarda belə vəziyyətdir. Sürücülər cəzadan da çəkilmir. 41 saylı marşrutun sürücücüsünə bununla bağlı etirazımı bildirdim, amma o siqaret çəkməyə davam etdi. Hətta sonrakı gün məni dayanacaqda görüb, avtobusu saxlamadan yanımdan düz keçdi. Sürücülər sanki bu sözü əzbərləyib. Get kimə şikayət edirsən, et”, - deyə sərnişin bildirib.

Şikayət ilə bağlı Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət etdik.

BNA-nın sözçüsü Mais Ağayev bildirdi ki, avtobus sükanı arxasında tütündən və tütün məmulatlarından istifadə etmək qəti qadağandır.

“Bu cür hərəkətlərə yol verənlər həmçinin inzibati məsuliyyət daşıyırlar. Bununla bağlı mütəmadi olaraq vətəndaşlara da çağırış edirik ki, belə halla rastlaşdıqda foto və video fakt təqdim etsinlər. Həmin sürücü barəsində inzibati tənbeh tədbiri görüləcək”, - deyə qurum rəsmisi qeyd etdi.

Onun sözlərinə görə, məsələ ilə bağlı son bir neçə ayda təxminən 100-ə yaxın sürücü barəsində tədbir görülüb:

“Burda iş təkcə cərimə və digər inzibati tənbehlə bitmir. Belə halların qarşısını almaq üçün paralel olaraq maarifləndirmə işləri də aparılır”.

Nərmin VÜQARQIZI