Bakıda avtobus sürməyə gənc tapılmır? - PROBLEM

 17:38 06.12.2022     1340

Son zamanlar avtobuslarda yaşlı sürücülərə tez-tez rast gəlirik. Sanki təqaüdə çıxmış avtobus sürücülərini yenidən sükan arxasına oturdublar.

Elələri var ki, bəlkə də 70-də yuxarı yaşı var. Ən pisi də odur ki, bu sürücü "babalar" sərnişinlərlə çox kobud rəftar edirlər.

Sərnişinlər 26, 41, 202, 67, 133 nömrəli marşrutlarda bu cür hallarla tez-tez qarşılaşmalarından şikayətçidirlər.

Ahıl yaşda sürücülərin avtobusun sükanı arxasına keçməsi həqiqətən də absurddur. Birdən avtobus hərəkətdə olduğu halda sükan arxasında olan yaşlı sürücülərdən hansınınsa təzyiqi qalxdı, yaxud qocalıqla əlaqədar səhhətində narahatlıq yarandı, bəs onda sərnişinlərin təhlükəsizliyi necə olacaq?

Bu, Bakı kimi şəhərdə avtobusların həmişə sərnişinlə dolu olduğu bir reallıqda çox təhlükəlidir. 

Deyəsən, gənclər avtobus sürməyə daha maraq göstərmir və daşıyıcı şirkətlər avtobusların sükanlarını qocalara tapşırıblar.

Maraqlıdır, qanunvericilikdə neçə yaşa kimi sürücülər sərnişin avtobusu idarə edə bilərlər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev dedi ki, sürücülərin işə qəbulu və ya yaş məsələsi daşıyıcıların məsuliyyətində olan məsələdir.

“Bakıda hərəkətdə olan avtobuslar idarə edən sürücülərin işə qəbulu özəl daşıyıcı şirkətlər tərəfindən həyata keçirilir. BNA bu məsələdə müdaxilə edə bilməz. Hər bir şərkət sürücünü işə qəbul edən zaman qanunvericilikdən irəli gələn məsələləri nəzərə almalıdır. Nazirlər Kabinetinin 73 saylı qərarı ilə müntəzəm sərnişindaşımalarda çalışan sürücülərlər bağlı da tələblər var və hər bir daşıyıcı işə qəbul zamanı bu tələblərə riayət etməlidir.

Avtobuslarla sərnişin daşımalarına “D” kateqoriyası və ya “D1” alt kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 23-dən az və 65-dən çox olmayan və “B”, “C” kateqoriyalarına və ya “C1” alt kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan), “D1E” alt kateqoriyası üzrə avtonəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 25-dən az və 65-dən çox olmayan və “D” kateqoriyasına və ya “D1” alt kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi iki ildən az olmayan) və yaxud “DE” kateqoriyası üzrə avtonəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 26-dan az və 65-dən çox olmayan və “D” kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan) və daşıyıcı ilə əmək müqaviləsi olan sürücülər buraxılırlar”,- deyə o qeyd etdi.

Nərmin VÜQARQIZI