"Bizim mentalitet zorakılığa meylli deyil" - Psixoloq
Azərbaycanda tez-tez qadına qarşı şiddət faktı ilə bağlı ceşidli məlumatlara rast gəlirik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın açıqladığı statistikaya nəzər salsaq görərik ki, bu kimi halların ildən-ilə artımı xeyli nəzərə çarpır.
Qeyd olunur ki, komitəyə 2020-ci ildə məişət zorakılığı ilə bağlı 242, 2021-ci ildə isə 364, bu ilin 11 ayı ərzində isə 435 müraciət daxil olub.
Bəs, qadınlar nə etməlidir ki, zorakılıq və şiddət halları azalsın?
Mövzu ilə bağlı Redaktor.az-a danışan psixoloq Nərgiz Süleymanlı qeyd etdi ki, zorakılıqla mübarizə təkbaşına mümkün deyil.
Onun sözlərinə görə, zorakılıq deyəndə ən çox fizioloji zorakılıq nəzərdə tutulur:
"Amma bunun təbii ki, bir çox qolları var. İqtisadi zorakılıq və psixoloji zorakılıq. Qadın birinci növbədə buna məruz qalmamaq üçün mütləq şəkildə təhsilini artırmalı, ətrafındakı insanları tanımalı, onlarla yanaşma, ünsiyyət tərzini kamilləşdirməlidir. Çünki qadına qarşı zorakılıq deyəndə ilk növbədə insan beyninə kişilər gəlir. Amma bu, təkcə kişidən qorunmaq demək deyil, eyni zamanda qadının çox böyük rolu var. Hansı ki, kişini yetişdirən anadır. Eyni zamanda qadındır. Ona görə qadın öz övladlarına tərbiyə verərkən də öz davranış şəklinə xüsusi diqqət etməlidir. İqtisadi zorakılıq adını çəkdim. Bəs bu nədir? Qadının maddi cəhətdən məhdudlaşdırılması. Bunu daha çox ailələr edir, bəzən ailə başçısı kişilər edir. Buna görə də qadının təbii ki, öz gücü, öz sənəti, vəzifəsi olduğu hallarda buna heç kəsin gücü çatmaz. Psixoloji zorakılıqla bağlı onu deyə bilərəm ki, insan intelektual səviyyəsini gücləndirdikcə, həm narahat olduğu problemləri dəyişir, həm də onun psxioloji dayanıqlılığı artır. Düzdür, psixoloji dayanıqlılığı bizə daha çox yaşadığımız mənfi hadisələrdə təcrübə şəklində qazandırır. Amma o hadisələrə yanaşma tərzini formalaşdıran bizlərik. Yəni biz o hadisəyə çox neqativ hadisə kimi qəbul edib travma şəklində özümüzə əziyyət verərək psixoloji xəstəliklərə zəmin yarada bilərik. Amma eyni zamanda, onun da bir dərs, qatqı olduğunu dərk edərək daim özünü inkişaf etdirən, yeniləyən bir qadın bunların da öhdəsindən gələ bilir. Qadın əslində bu mövzularda daim mübarizkar, güclü göstərilməyə çalışılır”.
Psixoloq onu da qeyd etdi ki, bəzən qadın daim güclü olmalı deyil.
“Zəif olduğu məqamlar da olur. Bu zəiflik nədir? Bəzən qadınlar ağlamağı özlərinə bir gücsüzlük kimi hesab edirlər. İnsan, olduğu vəziyyətə uyğun reaksiya verməlidir. Əgər ağlamalı durum varsa, onun duyğusal boşalmasını yaşamalıdır. Yoxsa əks halda daha ağır problemlər yarana bilər. Ümumillikdə bu, çox aktual məsələdir. Çünki qadına qarşı zorakılıqda təkcə qadın özü təkbaşına rol oynamır. Burada qarşı tərəf və qarşı tərəfin münasibətləri var. Zorakılıqla mübarizə təkbaşına mümkün deyil. Burda hər kəsin rolu var. Bunun növlərinin rolu var. Bunu tətbiq edən insanın individual xüsusiyyətləri çox önəmlidir. O insan psixopat ola bilər, vaxtı ilə doğma bir insanı ola bilər. Hansı ki, ona yaxşılıq etdiyini düşünürlər. Məsələn, qız övladlarını təhsildən yayındıran ailələr var, sanki ona yaxşılıq etdiyini düşünürlər. Evdə qalmış qızlar stereotipini dağıtmadığımız müddətcə, qızlarımızı təhsildən daha da uzaqlaşdırırıq. Ona görə də, bu, çox aktual, cəmiyyətimizin günümüzün böyük problemidir. Və bizim mentalitet əslində zorakılığa meylli bir mentalitet deyil. Onu o şəkilə gətirən, cahilləşdirən xüsusi təbəqə var. Təbii ki, onlarla mübarizə daha önəmlidir”, - deyə Nərgiz Süleymanlı bildirdi.
Həmidə İbrahimova












