Gürcüstan vətəndaşı Azərbaycana necə gələ bilər? - Nazirlər Kabinetindən AÇIQLAMA

 13:13 07.12.2022     297

Gürcüstan vətəndaşı Azərbaycana gəlmək istəyir.

Bu barədə redaksiyamıza onun qızı Svetlana Sultanova müraciət edib. Onun sözlərinə görə, anasının yaşı çox olduğuna görə, COVİD-19 vaksini vurdurmayıb.

“Anamın yaşı çox olduğu üçün vaksin vurdurmağa qorxuruq. Həm də yanaşı xəstəliyi var, ürəyində problem var. Mən də illərdir, Azərbaycanda yaşayıram, bura vətəndaşıyam. Həmişə gəliş-gediş olardı, indi koronavirusa görə, 2 ildən çoxdur, anamı görə bilmirəm. Özüm də burda olduğuma görə, heç cür əlim çatmır ki aparım yoxlansın, əks-göstəriş kağızı alsın”, - deyə o vurğuladı.

Məsələ ilə bağlı Nazirlər Kabinetinə müraciət etdik. Qurumun mətbuat xidmətindən Redaktor.az-a bildirildi ki, Gürcüstan vətəndaşları, habelə vətəndaşlığı olmayan şəxslər müəyyən edilmiş şərtlərlə və Azərbaycan Respublikasının pasport, viza qaydalarına əsasən aviaşirkətin xüsusi reyslərinə buraxılır.

“Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli 152 nömrəli qərarına əsasən 2022-ci il aprelin 15-dən etibarən  Azərbaycan Respublikasına giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilib.

Yaşı 18-dən yuxarı olan sərnişinlərin COVİD-pasportu (tam vaksinasiya olunması, yalnız “J&J/Janssen və Sputnik Light” vaksinlərinin bir dozası), COVİD-19 xəstəliyindən sağalması barədə rəsmi sənədin) və ya COVİD-19 peyvəndinə qarşı əks göstəriş sertifikatı təqdim etməklə Azərbaycana gələ bilərlər. COVİD-pasportu, immun sertifikatı və ya COVİD-19 peyvəndinə qarşı əks göstəriş sertifikatı elektron yoxlama xüsusiyyətlərinə sahib olmalı və yalnız dövlət tərəfindən verilməlidir. Sənədlər uçuş günü etibarlı olmalıdır. Bu sənədlər hava limanında qeydiyyat masasında yoxlanılır”, - deyə məlumatda qeyd edilib.

Nərmin VÜQARQIZI