Binəqədi əhalisi "Bakıkart" yükləməyə terminal tapmır - BNA isə ümumi sözlərlə yola verir
Bir müddət əvvəl, Bakıda avtobus dayanacaqlarının əksəriyyətində “BakıKart” terminalları yığışdırıldı. Paytaxtda nadir hallarda hansısa avtobus dayanacağında kart ödəmə aparatına rast gəlinir. Bu da 5 milyon əhalisi olan Bakı şəhərində sərnişinlər üçün böyük problem yaratdığından insanların haqlı narazılığına səbəb olur. Bakıətrafı qəsəbələrdə isə vəziyyət lap acınacaqlıdır. Terminal olmadığı üçün sərnişinlər ya axtarıb terminal tapmalı, ya da qəpik verib digər sərnişinlərdən xahiş etməlidirlər ki, onu da keçirsin.
Bakının ən böyük qəsəbələrindən olan Binəqədidə də bir dənə də olsun “BakıKart” terminalı yoxdur.
Qəsəbə sakini Ramil Hüseynovun sözlərinə görə, 50 min sakini olan qəsəbədə hələ də kart yükləmə aparatı quraşdırılmayıb.
“Binəqədi qəsəbəsində ümumiyyətlə normal dayanacaq, dayanacaq kimi istifadə edilən məkanlarda da terminal yoxdur. Pul yükləmədiyini unudursan, səhər evdən işə gedəndə, baxırsan ki, kartda pul yoxdur. Gərək ya kiməsə pul verib kartından istifadə edəsən, ya da marketləri axtarasan. Marketlər də səhər saat 8-dən tez açılmır. Çox vaxt insanlar kartını başqasına vermir. Onları da qınamaq olmur. Bakı Nəqliyyat Agentliyinin Bakının ən böyük qəsəbələrindən olan Binəqədidə “BakıKart” terminalları quraşdırmağa imkanı yoxdur? Yoxdursa, şəhərin mərkəzində dayanacaqlarda sökülən terminalları gətirib burda əhalinin istifadəsinə versinlər”, - deyə o bildirib.
Şikayətlə bağlı Redaktor.az-a danışan Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, ola bilər, sərnişinlərin dayanacaqda kartın balansını artırmaq imkanları yoxdur, amma ərazidəki marketlərdə, dükanlarda "MilliÖn"lər var ki, rahat şəkildə ödəniş etmək mümkündür.
“Məsələ burasındadır ki, həmin ərazilərdə yaşayan insanlar harasa gedirlər, şəhərə tərəf gəlirlər. Onlar gəldikləri yerdə də bu ödənişi həyata keçirə bilərlər. Hər ərazidə ödəmə terminallarının olması mütləq deyil. Bu gün şəhərdə 1400-dən artıq ödəmə terminalı var. Əvvəl bu terminalların sayı 200-300 idi, indi 1400-dür, yəni bu rəqəmlərin özü deyir ki, burada məhdudlaşmadan söhbət getmir. Daha da imkanlar genişlənir. Eyni zamanda internet ilə ödəmə imkanı var. İnternet ilə ödəniş minumum 15, maksimum isə 1 saata həyata keçir. Bir qədər planlı davransaq, kartımızın balansını zamanında artırsaq o zaman belə problem qalmaz. Hər dayanacaqda, ərazidə kart yükləmə aparatı axtarmaq zərurəti olmayacaq”, - mətbuat katibi vurğuladı.
M.Ağayevə sözügedən qəsəbədə bir dənə də olsun ödəmə terminalının olmadığını, marketlərin də səhər saat 8-dən tez açılmadığını bir daha xatırladıb, "Bu vaxtdan tez işə gedənlər nə etməlidir?" sualını verdikdə cavab ala bilmədik, ümumi sözlərlə sualdan yayındı.
Xatırladaq ki, iki ay əvvəl Bakı Mühəndislik Universitetinin tələbələri də ali təhsil müəssisəsinin qarşısındakı dayanacaqda ödəmə terminalının olmaması ilə bağlı saytımıza şikayət ediblər. Şikayəti M.Ağayevə çartdıranda söz verdi ki, məsələ araşdırılacaq, əgər ehtiyac varsa ödəmə terminalı quraşdırılacaq. Lakin hələ də sözügedən ərazidə heç bir ödəmə terminalı quraşdırılmayıb.
Görünür, Bakı Nəqliyyat Agentliyi Bakı Mühəndislik Universitetinin tələbələrini və ərazidə yaşayan insanların ehtiyacını ciddiyə almır.
Nərmin VÜQARQIZI












