Marketlərdə tarixi dəyişdirilən məhsul gördükdə bu nömrəyə ZƏNG EDİN

 17:22 07.12.2022     564

Xəbər verdiyimiz kimi, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rüfət Quliyev bildirib ki, marketlərdə məhsulun üstündəki köhnə tarixi silib, yenisini yazırlar. Deputat həmçinin saytımıza açıqlamasında həmin məhsulların adlarını da açıqlayıb. Belə ki, bu cür hallara adətən süd məhsulları, pendir, yağ, kolbasa kimi vaxtı qısa olan məhsullarda rast gəlinir.

Bəs, ümumiyyətlə qida sektorunda keyfiyyətə nəzarət necə təmin olunur?

Məsələ ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə əlaqə saxladıq. Qurumun İnformasiya təminatı və innovativ həllər şöbəsindən Redaktor.az-ın sorğusuna cavab olaraq bildirildi ki, AQTA qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir.

"Agentlik tərəfindən ölkəyə idxal olunan, həmçinin ölkədə istehsal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri görülür. Məhsullar daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir və Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb edilir. Aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.

Bununla yanaşı, məhsulların təhlükəsizliyi və ya keyfiyyəti ilə bağlı konkret faktlara əsaslanan müraciətlər daxil olduqda Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və götürülən nümunələr laborator müayinələrə cəlb olunur. Agentlik tərəfindən keçirilən yoxlama nəzarət tədbirləri zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkarlandığı təqdirdə, qanunamüvafiq tədbirlər görülür",- açıqlamada deyilir.

Həmçinin qeyd olunur ki, qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə “1003-Çağrı Mərkəzi”nə məlumat verilə bilər:

"Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir".

Həmidə İbrahimova