Qənirə Paşayeva 100 yaşlı məktəbin yubileyində çıxış etdi - VİDEO

 17:41 07.12.2022     677

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonunun Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin yaradılmasının 100 illik yubileyi ilə bağlı keçirilən tədbirdə çıxış edib.

Redaktor.az xəbər verir ki, məktəbin rəhbərliyini, müəllimləri, şagirdləri təbrik edən Qənirə Paşayeva, taleyi Bozalqanlı məktəbi ilə bağlı olmuş hər kəsi minnətdarlıqla anıb.

O, paytaxtdan uzaqlarda 100 il öncə bir orta məktəbin qurulmasının və 100 il içində fasiləsiz fəaliyyətinin adi hadisə olmadığını vurğulayıb. Yüzlərlə tanınmış şəxsiyyətin məhz bu məktəbdə təhsil, təlim-tərbiyə aldığını deyən Q.Paşayeva, Bozalqanlı məzunlarının müxtəlif əməli fəaliyyət sahələri üzrə səmərəli fəaliyyət göstərdiyini bildirib. Özəlliklə, əfsanəvi müəllim Məhər Quliyevin rəhbərliyi ilə kimya fənni üzrə respublikamızda və keçmiş SSRİ-də qabaqcıl yerə, mövqeyə sahib olan Bozalqanlı kənd tam orta məktəbini, aşıq sənəti başda olmaqla mədəniyyət və incəsənətin də yetərincə öyrədildiyi, təbliğ, tərənnüm və təşviq olunduğu bir ocaq kimi dəyərləndirib.

Q.Paşayeva Bozalqanlı məktəbinin elm-təhsil sahəsi ilə yanaşı hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində də fərqləndiyini söyləyib. O, II Dünya müharibəsinin əfsanəvi qəhrəmanlarından olan Yusif Sadıqovun adını daşıyan məktəbin onlarla məzununun I və II Qarabağ müharibəsində igidliklə döyüşdüyünü, şəhid və qazi olduğunu, dövlət başçısı – Müzəffər Ali Baş Komandan tərəfindən orden-medallarla təltif edildiyini xatırladıb.

Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin adını daşıyan Mədəniyyət və istirahət parkında ucaldılmış abidəsinin ehtiramla ziyarət olunduğunu, abidə önünə gül dəstələri qoyulduğunu deyən Q.Paşayeva, Ümummilli liderin “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” kəlamını xatırladıb.

Cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasında bütün digər əməli fəaliyyət sahələri ilə birgə təshilə, məktəbə, gənc nəslin təlim-tərbiyəsinə verdiyi müstəsna önəmi qeyd edən Q.Paşayeva, Bozalqanlı tam orta məktəbində çağdaş standartlara uyğun yaradılmış münbit ortamı təhsilin inkişafı sahəsində həyata keçirilən dövlət siyasətinin bariz örnəyi adlandırıb.

Qənirə Paşayeva Tovuz rayon İcra hakimiyyəti rəhbərliyinin, deputat həmkarları Arzu Nağıyev, Rauf Əliyev, Müşfiq Məmmədli, Sabir Hacıyevin, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarının, alimlərin, yaradıcı insanların, məzunların Bozalqanlı məktəbinin müəllim və şagirdləri ilə birlikdə yubiley tədbirində iştirakını bu təhsil ocağının tarixinə, ənənələrinə və perspektivinə hörmət əlaməti kimi xarakterizə edib.

Komitə sədri bildirib ki, yubiley tədbirinin özünəməxsus şəkildə hazırlanması da məktəbin ənənələrinin yaşadığını göstərir, buradakı yaradıcı ruhu əks etdirir: “İstedadlı şagirdlərin əl işlərindən ibarət sərgi, məktəblilərin müxtəlif musiqi alətlərində ifası, azyaşlı idmançıların nümunəvi çıxışları da 100 illiyə yubiley töhfəsidir. Bir sözlə, əlamətdar yubiley əsl bayrama çevrilib. Hər birinizi ürəkdən təbrik edir, təhsildə, ictimai həyatda yeni uğurlar diləyirəm”!

Q.Paşayeva məktəb rəhbərliyinə xatirə hədiyyəsi və məktəbin kitabxanasına kitablar hədiyyə edib.

Tunar Altunbay