"Onlar ermənilərə nökərçilik etməklə məşğuldurlar" - Sülhməramlılara REAKSİYA

 16:39 08.12.2022     1295

Rusiya sülhməramlıları ötən gün Azərbaycanın media nümayəndələrinin (İTV, "Real" TV) Azərbaycanın suveren ərazisi olan Xocalıya keçməsinə, bununla da ölkə ərazisində peşə fəaliyyəti borcunu yerinə yetirməsinə maneə törədib.

Azərbaycanlı jurnalistlər doğma Azərbaycan ərazilərinə buraxılmayıb. Nəticədə jurnalistlərlə sülhməramlılar arasında mübahisə düşüb.

Jurnalistlər onlara nə qədər izah etməyə çalışsa da, Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovdan göstəriş almış hərbçilər onları Xocalıya buraxmaq istəməyib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı, jurnalist Aqil Abbas bildirdi ki, sülhməramlılar jurnalistləri əraziyə buraxmamaqla böyük bir səhv ediblər.

“Əgər nümayəndə heyətini buraxırsansa, onunla jurnalist də getməlidir, görməlidir ki, nə danışılıb, hansı işlər görülüb. Bəlkə ermənilərdən müsahibə alacaqdılar, söhbət edəcəkdilər, necə deyərlər, isti münasibət yaradacaqdılar? Düzdür, jurnalistlərimiz də axıra qədər vuruşdular, sözün əsil mənasında mübarizə apardılar. Sağ olsunlar, sözlərini də dedilər. İndi məsələnin digər tərəfi dövlətin işidir. Yəni bu məsələ Müdafiə Nazirliyinin işidir. Sülhməramlılar öz missiyalarını yerinə yetirmirlər. Əksinə daha pis yerinə yetirirlər. Biri var yerinə yetirməyə, biri də var daha pis şəkildə yerinə yetirə. Mən onlara sülhməramlı demərəm, onlar ermənilərə nökərçilik etməklə məşğuldurlar. Çəkilib qırağa dursalar, ermənilər vətəndaşlığımızı qəbul etdikdən sonra biz onların yollarını da çəkəcəyik, qazını da, işığını da verəcəyik. Azərbaycan tolerant ölkədir”, - deyə deputat vurğuladı.                                                                                                                                                             

Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə isə bildirdi ki, baş verən insident Qarabağdakı sülhməramlı qüvvələrin öz məramlarını bilməmələrinin, yaxud bilərək qəsdən yersiz əsəb oyunu oynadıqlarını göstərdi.

“Hesab edirəm ki, rəsmi Bakı bu hədsizliyi cavabsız qoymamalı və Qarabağdakı ermənipərəst Rusiya qüvvələrinə indidən qapını göstərməlidir. Ermənilərə "yengəlik" edən kontingentə Qarabağda yer yoxdur”, - deyə o qeyd etdi.

Nərmin VÜQARQIZI