"Ukrayna düz etmir" - Qarabağ qazisinin həbsinə REAKSİYA

 14:34 08.12.2022     253

Xəbər verdiyimiz kimi, 6 dekabr 2022-ci ildə Azərbaycan Respublikası vətəndaşları Misir Qasımlı və Sübhan Quliyev Ukraynanın Kiyev vilayəti Obuxov rayon məhkəməsinin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum olunublar.

Qeyd edək ki, Ukraynadakı Azərbaycan səfirliyindən verilən məlumata görə, hər iki şəxs Böyük Britaniya vətəndaşının (məhkəmədə isə İspaniya vətəndaşı olduğu qeyd olunur - red.) şikayəti əsasında Ukrayna Cinayət Məcəlləsinin bir sıra maddələri üzrə cinayət işində təqsirləndiriliblər.

Həbs olunanlardan biri - Misir Qasımlı İkinci Qarabağ müharibəsi veteranıdır və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib. Odur ki, Qarabağ qazisinin Ukraynada böhtan atılaraq həbs olunması Azərbaycanda narazılıqlara səbəb olub. İctimaiyyət bu məsələdə Kiyevdəki səfirliyimizin fəaliyyətsizliyini də qınayır. Sosial şəbəkə istifadəçiləri səfirliyi Vətən müharibəsi veteranına kömək etməməkdə ittiham edir.

Onu da əlavə edək ki, bəzi açıqlamalarda Azərbaycan vətəndaşları barədə iddia qaldıran şəxsin erməni əsilli, bəzilərində isə ərəb əsilli olduqları bildirilir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Aqil Abbas bildirdi ki, Misir Qasımlıya güclü vəkillər vasitəsilə köməklik etmək mümkün idi:

“Qazimizin cinayəti haqqında səhih məlumatım yoxdur. Amma hər halda ona 8 il iş veriblər. Bizim yalnız və yalnız ona kömək etməyimiz güclü vəkillər tutmaqdan ibarət ola bilər. Məsələn, indi yazırlar ki, prezident işə qarışsın. Prezident işə qarışa bilməz axı. Götürüb, Zelenskiyə zəng etsin ki, onu buraxın? Allah qapısın açsın. Mən də bununla bağlı çıxış etmişdim, yazı da yazmışdım. İndi onları soyğunçuluqla ittiham ediblər, amma səbəb yoxdur. Niyə soyğunçuluq ediblər? Bəlkə həmin adamın ona borcları varmış, vermirmiş, onlar da tələb ediblər, o da onu gedib şərləyib ki, mənə qarşı soyğunçuluq ediblər. Məsələni vəkil aydınlaşdıra bilər. Amma indi Ukrayna düz etmir. Bizim azərbaycanlılar Ukraynada vuruşurlar, şəhid olurlar. Neçə nəfər azərbaycanlı həlak olub. Bu dəqiqə də vuruşurlar. Özü də nə qədər onlara yardımlar etmişik. Gərək Azərbaycana qarşı belə münasbət göstərməyəydilər”,- deyə deputat qeyd etdi.

Millət vəkili Məlahət İbrahimqızı isə qeyd etdi ki, Azərbaycan ictimaiyyətinin bu narahatlığı təbiidir. Lakin onun sözlərinə görə, Azərbaycanın Ukraynadakı səfirliyi məhkəmə işinə müdaxilə edə bilməz:

"Çünki dünyanın hər yerində məhkəmənin işinə qarışmaq qanunun aliliyinə və daxili işlərə müdaxilə sayılır. Bildiyim qədər Azərbyacanın Ukraynadakı səfirliyi məhkəmə prosesini müşahidə edib. Sözsüz ki, məhkəmədə və iki il aparılan istintaq işində hədsiz dərəcədə çoxlu pozuntular var. Misir Qasımlının həm Azərbaycandan olan vəkili, həm də milliyyətcə ukraynalı olan vəkili bunu mətbuatdakı yazılarında, sosial şəbəkə hesablarında qeyd ediblər. İndiyə kimi neçə maddə əsasında iddia irəli sürülübsə, onlardan heç biri öz təsdiqini tapmayıb. Misir Qasımlını şərləyən şəxsin erməni əsilli olması hər şeyi aydınlaşdırır. Heç kəsə sirr deyil ki, Ukraynada erməni lobbisi çox güclüdür. Bilirik ki, Ukraynada da hüquq-mühafizə orqanlarında ermənilər çoxluq təşkil edir. Bu səbəbdən Misir Qasımlıya qarşı belə qərəzli, ədalətsiz, haqsız qərar verildi. İndi onun vəkilləri yuxarı instansiya məhkəməsinə kassasiya şikayəti verəcəklər. Bundan sonra hər şey aydın olacaq".

Məsələ ilə bağlı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovla da əlaqə saxladıq. O, bildirdi ki, hakimin Misir Qasımlı və Sübhan Quliyevə 8 il azadlıqdan məhrumetmə cəzası verməsi onlar üçün gözlənilməz olub: 

“Hakim hamımızı təəccübləndirdi. Qərar bizim üçün gözlənilməz idi. Çünki bu proseslərə altı aydan çoxdur ki, diaspor təşkilatı qoşulub. Bu altı ay ərzində 30-dan çox məhkəmə prosesi keçirilib. Onların hamısında diaspor nümayəndələri iştirak ediblər. Bundan başqa, Misir və Sübhan vəkil və tərcüməçi ilə təmin ediliblər. Bu 30 iclasda iştirak edən diaspor nümayəndələri, başda özüm olmaqla, Misir və Sübhana rəsmi şəkildə zamin durublar. Eləcə də təşkilatımız hüquqi şəxs olaraq zamin durub ki, onu azadlığa buraxsınlar. Amma Misirə qarşı açılan cinayət işi ağır hesab olunduğundan onun zaminə buraxılma işi reallaşmadı. Misirə qarşı üç ağır maddə üzrə cinayət işi açılıb. Bunlar adam oğurluğu, quldurluq və qanunsuz silah saxlama maddələri ilə açılan cinayət işləridir. Bu maddələrlə təqsirləndirilən şəxsin zaminliklə azadlığa buraxılması və ya prosesin tez yekunlaşması çox çətindir. Ümumilikdə son altı ayda məhkəmə prosesində zərərçəkən qismində çıxış edən İspaniya vətəndaşı, ərəb əsilli şəxs Ukraynada olmadığı üçün onu yalnız videobağlantı ilə hakimin təkidlərindən sonra məhkəmə iclaslarına qoşdular. Bu məsələlər sıra ilə gedirdi: həm zərərçəkmişin dindirilməsi, həm də şahid ifadələrinin alınması. Əslində, bizim qurmuş olduğumuz müdafiə öz istəyinə çatmışdı. Yəni zərərçəkmişin dindirilməsi zamanı proses bizim xeyrimizə gedirdi. Çünki onun verdiyi məlumatların bəzilərinin yalan olduğu üzə çıxmışdı. Şahid dindirmələrində də proses bizim xeyrimə idi. Hakimin dünən belə bir qərar verməsi bizi şoka saldı. Ancaq vəkillər bu qərarın tam mətnini əldə etdikdən sonra apellyasiya şikayəti veriləcək".

Hikmət Cavadov dedi ki, rəhbərlik etdiyi təşkilat sona qədər Misir Qasımlının yanında olub və bundan sonra da onun hüquqlarını qoruyacaqlar. Onun sözlərinə görə, bu məsələ göründüyü kimi bəsit deyil.

"Sosial şəbəkələr və xəbər saytlarında bununla bağlı müzakirələri oxuduqda başa düşürsən ki, insanlar məsələnin ciddiyyətini bir o qədər də dərk etmirlər. Çox kiçik prizmadan baxırlar ki, qazimiz Ukraynadadır, ona şər atılıb, səkkiz il müddətinə azadlıqdan məhrum edilib. Amma bu belə sadə deyil. Mən düşünürəm ki, biz haqq-ədalətin bərpa olunması üçün əlimizdən gələni edəcəyik. Ortada erməni izi də var. Bu, sırf zərərçəkmişin ifadə verdiyi zaman tərcüməçinin erməni olmağı ilə bağlıdır. Bunu da bilirik və üzərində işləyirik. Düşünürəm ki, apellyasiya məhkəməsində qərar tam başqa ola bilər. Onu da demək istəyirəm ki, Misirin Qarabağ qazisi olması bizim üçün həssas mövzu olsa da, Ukrayna məhkəməsinin hakimi üçün bu belə deyil”, - deyə diaspor rəhbəri qeyd edib.

Həmidə İBRAHİMOVA