Masazır sakinlərinin marşrut dərdi: "517"lər axşamlar hara qeybə çəkilir?

 17:52 09.12.2022     3618

Abşeron rayonu, Xırdalan dairəsi ərazisindən Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış massivi istiqamətində hərəkət edən 517 nömrəli marşrut xəttindən yenə də şikayətlər almağa davam edirik.

Böyük ehtiyac duyulan bu marşrut xəttində hələ də mikroavtobuslardan istifadə edilir. Həmçinin sürücülər plan əsasında işlədiklərinə görə öz kefləri istəyən qaydada hərəkət edirlər – nə interval bilirlər, nə də nizam-intizam...

Marşrut xəttinin düzgün işləməməsindən bezən sərnişinlər yenə də Redaktor.az-a müraciət ediblər. Müraciətdə qeyd olunub ki, öncəki şikayətlərdən sonra bir müddət normal işlədilər, amma indi vəziyyət eynidir.

“Əvvəl də sizə müraciət etdik, sağ olun, saytınızda işıqlandırdınız. Ondan sonra bir müddət çox yaxşı işlədilər. Demək olar ki, 10 dəqiqəlik interval ilə avtobuslar gəlib-gedirdi. İndi isə səhər saat 7-8 arasında “Yeni Bakı” yaşayış massivi istiqamətində cəmi iki avtobus hərəkət edir. Baxmayaraq ki həmin ərazidən onlarla şagird bu istiqamətdə məktəbə gedirlər. Bəxtiniz gətirsə, avtobusun çatdığı vaxtı təxmin edib minə bilərsiniz, əks halda bu soyuqda yolunuzu piyada getməli olacaqsınız”, - deyə Masazır sakini Bəhruz Sultanov bildirdi.

 Bəhruzun sözlərinə görə, axşam saat 8-dən sonra sözügedən ərazidə heç bir avtobus tapmaq mümkün olmur:

“Saat 8-dən sonra isə avtobuslar ümumiyyətlə işləmir. İnsan işdən gəlir qalır küçələrdə. Ya qaranlıq küçədə kilometrlərlə məsafəni piyada gəlməlisən, ya da puluna qıyıb taksi sifariş etməlisən. Başa düşə bilmirəm ki, niyə marşrut xətti olduğu halda cibimdən əlavə pul verib taksi sifariş etməliyəm? Ya bu sistemi normal idarə etsinlər, ya da kökündən ləğv etsinlər, biz də bilək ki, belə bir avtobus yoxdur, alternativ çarə axtaraq.

Problemlər təkcə bununla da bitmir. Sürücülər 5 metrlik avtobusa yalan olmasın, bəlkə 25-30 nəfər yığır. İnsanları da qınamaq olmur. Çünki artıq hamı bilir ki, axşam 8-dən sonra avtobuslar qeybə çəkilir. Buna görə də, yolda qalmaq istəməyən hər kəs zorla da olsa avtobusa minib, ikiqat mənzil başına çatmağa razı olur”.

Şikayətlə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə əlaqə saxladıq. Qurumun sözçüsü Tural Orucov bildirdi ki, 517 nömrəli marşrut xəttində gün ərzində 10 avtobus avtobus sərnişinlərə xidmət göstərir.

“Avtobuslar arasında interval 12 dəqiqə təşkil edir. Günün pik saatlarında interval 8-9 dəqiqəyə qədər endirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə avtobus parkının yenilənməsini daim diqqət mərkəzində saxlayır.

Sərnişindaşıma bazarında rəqabətli mühitin yaradılması, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi məqsədilə marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır”, - deyə qurum rəsmisi vurğuladı.

Xatırladaq ki, 6 ay öncə də bu problemlərlə bağlı sözügedən quruma müraciət etmişdik. Qurumdan isə bildirilib ki, avtobus parkının yenilənməsinin mərhələli şəkildə həll edilməsi nəzərdə tutulub. Lakin 6 ay keçməsinə baxmayaraq, müsbətə doğru dəyişən heç nə yoxdur.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən