Şeyx Patriarx Kirillə Vardaryanın Xankəndiyə göndərilməsindən ŞİKAYƏTLƏNDİ

 14:05 09.12.2022     414

"Moskvaya səfərim çərçivəsində Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə görüşüm oldu. Bir saatdan artıq davam edən söhbətimizdə biz erməni kilsəsinin bəzi bəyanatlarını şərh etdik. Mən Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyi, 2020-ci ilin noyabrından sonra torpaqlarımıza terror üçün gəlmiş hərbçilərin hərbi əsir olmadıqlarını Patriarx Kirillin diqqətinə çatdırdım. Bir adam insan ölümü üçün qəsd edərək bu torpağa gəlibsə, deməli o, cəzasını çəkməlidir".

Redaktor.az APA-ya istinadla xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, bildirib ki, görüşdə erməni tərəfinin kilsələrin mənşəyinin dəyişdirilməsi barədə iddiaları da müzakirə olunub.

"Biz Patriarx Kirillin diqqətinə çatdırdıq ki, erməni tərəfinin dedikləri yalandır və azad olunmuş ərazilərdə məscidlər də, kilsələr də bərpa olunur. Dövlət başçımız heç bir fərq qoymadan, mədəni irsə eyni yanaşma sərgiləyir. Bu mədəni irsin hamısı Azərbaycan torpaqlarındadır:

Ermənilərin bizim məscidlərə münasibəti, vandalizim faktları, məscidlərimizdə donuz saxlamaları, Rus Pravoslav Kilsəsinin dağıdılması faktlarını da patriarx Kirillin diqqətinə çatdırdım və o, bu məsələyə, əlbəttə, mənfi münasibətini bildirdi. Mən Kirill həzrətlərinə dedim ki, Ağdam tamamilə dağıdılıb, hətta ermənilər rus pravoslav kilsəsinin mənşəyini dəyişiblər. Orada alban-udi kilsələri var, onlar vaxtilə ermənilər tərəfindən zəbt olunub və indi həmin kilsələr də öz sahiblərinə qaytarılmalıdır, həmin kilsələr də təmir olunur.

Patriarx Kirillə söhbətimdə Xankəndiyə Moskvadan yeni bir şəxsin (Ruben Vardaryan - red.) gəlməsi, orada xalqı revanşizmə çağırması və erməni kilsəsinin rəhbərinin də bunu dəstəkləməsinin təəssüf doğurduğunu qeyd etdim. Erməni kilsəsinin rəhbərinin Xankəndiyə getməsini, oradakı hərbçiləri revanşizmə çağırması, “bizim mübarizəmiz bitməyib, hələ də davam edəcək” deməsinin düzgün addım olmadığını söylədim. Biz istərdik ki, erməni kilsəsi sülhə çağırış etsin. Biz başda Qaragin olmaqla, erməni kilsəsini sülh məsələlərində bir olmağa, dövlət rəhbərlərimizin qəbul etdikləri qərarlara, sülh sazişlərinə, dövlətlərin dünya ictimaiyyəti, BMT tərəfindən tanınmış sərhədlərə, ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırırıq".

A.Paşazadə dini liderlərin üçtərəfli görüşünün keçirilməsi barədə də danışb:

"Belə bir qərar qəbul olunub ki, həm bizim, həm də Rus Pravoslav Kilsəsinin nümayəndələri görüşüb üçtərəfli görüşə hazırlıq məsələlərini müzakirə etsinlər. Patriarx Kirill də Ermənistan tərəfi ilə əlaqə saxlayacaq. Ermənistan tərəfi də öz fikirlərini deyəcək və ümumi rəyə gələcəyimiz təqdirdə bizim görüşümüz baş tutacaq. Bunu, əlbəttə, mən də istəyirəm, patriarx həzrətləri də istəyir. Əgər Ermənistan tərəfi bu görüşə razılıq verməsə, bu, onların revanşist xislətini nümayiş etdirəcək. Biz öz torpaqlarımızı azad etmişik və bu gün onların bizə ehtiyacı var və düşünürəm ki, onlar da razılıq verəcəklər".