"Bütün qurumları yeniləri ilə əvəz edə bilmərik" - Komitə sədri

 09:47 10.12.2022     677

Bu gün – 10 dekabr bütün dünyada Beynəlxalq İnsan Hüquqları Günüdür.

“Bütün insanlar azad və bərabərdir” şüarına söykənən bu gün 1948-ci il 10 dekabr tarixində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən Ümümdünya İnsan Hüquqları Günü olaraq qəbul edilib. 1950-ci ildən isə 10 dekabr insan hüquqları günü kimi qeyd edilir.

Müstəqil Azərbaycanda da insan hüquqlarının qorunmasına olduqca önəm verilir. Amma bəzi hallarda insanların hüquqlarının pozulduğunu da müşahidə edirik.

Maraqlıdır, Azərbaycanda daha çox hansı sahədə insan hüquqları pozulur?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc bildirdi ki, Respublika Baş Prokurorluğu son illər yeni obrazda xalqımızın qarşısına çıxır, ictimai nüfuz və etibar qazanır:

“Xüsusilə, 2-ci Qarabağ müharibəsi dövründə Baş Prokurorluğun hüquq səngərində göstərdiyi peşəkarlıq döyüş meydanlarında aparılan əməliyyatlar qədər vacib idi. Yeni müharibə cinayətlərinin aktlaşdırılması beynəlxalq hüquqi savaş üçün mötəbərlik tələb edir. Bakıda erməni hərbçilərinin qanunsuz əməllərinə qiymət verilməsi əsrin ədalət mühakiməsi adlandırıla bilərdi".

Millət vəkili hesab edir ki, korrupsiya hüquqpozmalarına qarşı sərt münasibət də son illər dövlət gündəliyində ön yerdədir: Xüsusilə də, mərkəzi icra hakimiyyəti orqanlarında büdcə vəsaitlərinin mənimsənilməsinə qarşı cəzalandırma tədbirləri artıb. Həbsdə olanların sosial tərkibinin yalnız aşağı çinli məmurlar olduğunu deyənlər indi öz mövqelərində dəyişiklik edirlər.

Baş Prokurorluğun Ermənistana casusluqda ittiham olunan şəxslərlə bağlı ("Tərtər işi" - red.) uzun illər davam edən, müxtəlif informasiya vasitələrində dövlət və ordu əleyhinə çevrilən əməllərə obyektiv və qanuni qiymət verilməsi üçün prezidentin tapşırığı ilə xüsusi komissiyanın yaradılması və hüquqi düyünə salınan işgəncə cinayətlərinə yenidən qiymət verməsi, bəraət qərarının çıxarılması mühüm hadisə idi. Əlbəttə, hərbi sistemdə  mövqe tutan şəxslərin, o cümlədən həmin əməllərə anındaca qiymət verməli olan istintaq qrupunun və hakimlərin ağır mirası indi yüzlərlə ailənin, cəmiyyətin ədalətli qərarı ölkə rəhbərindən gözləməsinin başlıca səbəbi idi, - deyə deputat qeyd etdi.

Zahid Oruc hazırda ölkəmizdə hüquq-mühafizə orqanlarının təsir gücündən də danışdı.

"Əfv Komissiyasının iclaslarında çoxlu işlərə baxarkən, yeri gəlmişkən, son dərəcə azad fikirli və hər bir komissiya üzvünün rəyinə, hər bir məhkum edilmiş şəxsin işinə diqqətlə yanaşıldığı bir platformada bəzən məndə belə olurdu ki, əvfə təqdim olunan şəxslər aşağı sosial təbəqənin təmsilçiləridir. Belə nəticə çıxırmı ki, imkanlı şəxslər daha az cinayət törədir, yaxud, onlar qanunsuzluq etdikdə, məsuliyyətdən yayına bilirlər. Bir sözlə, Azərbaycanda hüquq orqanlarının təsir gücü böyükdür. Vətən müharibəsində Qələbə ədalətli hüquq sisteminə tələbi artırıb. Böyük qayıdış üçün birinci dövlət proqramı tarixi qərardır və azad torpaqlarda ədalətli hüquq sisteminin qurulması millətimizin ən böyük arzusudur. Vətən müharibəsindən sonra xüsusi nümayəndəlik institutu yaradılıb. Lakin bütün qurumları yeniləri ilə əvəz edə bilmərik. Deməli, iş prinsiplərimizi dəyişməliyik”, - deyə komitə sədri bildirdi.

Nərmin VÜQARQIZI