Ağsuda Vətən müharibəsi şəhidinin doğum günü qeyd edildi - FOTO

 13:34 12.12.2022     145

Ötən gün Ağsu rayonunda 44 günlük Vətən müharibəsində xalqımıza qələbə sevincini bəxş edən, düşməni ağır itkilər verməyə məcbur edən, Vətənimizin ərazi bütövlüyü uğrunda qəhramancasına döyüşərək canından keçən igidlərimizdən biri olan Vətən müharibəsi şəhidi Quliyev Vüqar Füzuli oğlunun doğum günü qeyd edilib.

Redaktor.az xəbər verir ki, tədbirdə YAP Ağsu rayon təşkilatının, Ağsu rayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin yaxınları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və rayon sakinləri iştirak edib.

Əvvəlcə şəhidimizin Ağsu rayonu Şəhidlər Xiyabanında yerləşən məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, ruhuna dualar oxunub.

Tədbirdə çıxış edənlər şəhid Quliyev Vüqar Füzuli oğlunun keçdiyi şərəfli döyüş və ömür yolundan bəhs ediblər.

Daha sonra tədbir Şəhidin adına verilən ehsan süfrəsi ilə davam etdirilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Şəhid Quliyev Vüqar Füzuli oğlu 2001-ci il dekabrın 11-də Ağsu rayonunun Qaraqaşlı kəndində anadan olub. Bakı şəhərində 1 saylı peşə liseyində qaynaqçı sənətini öyrənən Vüqar hərbi xidmət vaxtı çatdıqda məktəbi yarımçıq qoyaraq Vətənə olan borcunu vermək üçün xidmətə yollanıb. Füzuli rayonunda N saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlayıb. Xidmət zamanı rəhbərliyin bütün tapşırıqlarını nümunəvi əsgər kimi yerinə yetirib. 27 sentyabrda erməni quldurlarının etdiyi növbəti hücum zamanı Ali Baş Komandanın verdiyi əks hücum fərmanı ilə ruhlanan İgidimiz döyüşə gedib. Bir çox döyüşlərdə iştirak edib. Xocavənddə gedən döyüş zamanı noyabr ayının 3-də düşmənin xain atışı zamanı igid əsgərimiz şəhadət şərbətini içib. 2020-ci il 8 may Şuşanın işğalı günü xidmətə gedən İgidimiz 2020-ci il 8 noyabr Şuşanın azad olduğu gün Ağsu Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və “Cəsur döyüşçü” medallarıı ilə təltif edilib.

Allah rəhmət eləsin!

Tunar

22