Özbəkistanda Heydər Əliyevin anım günü ilə bağlı mərasim keçirildi - FOTO

 15:16 12.12.2022     153

Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının böyük oğlu, dövlətçilik tariximizdə əvəzsiz xidmətləri olan dahi şəxsiyyət, dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı mərasim keçirilib.

Redaktor.az xəbər verir ki, mərasimdə səfirliyin və Mədəniyyət Mərkəzinin əməkdaşları, yerli azərbaycanlılar, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər.

Əvvəlcə ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev və qonaqlar Ulu Öndər Heydər Əliyevin səfirlikdəki büstü önünə gül və çiçək dəstələri qoyublar. Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunan “Heydər Əliyev və Özbəkistan” adlı sərgi tədbir iştirakçılarında maraq doğurub.

Hüseyn Quliyev mərasimdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında söhbət açaraq, vətən və xalq qarşısında xidmətlərindən danışmış, bu görkəmli şəxsiyyətin xatirəsinin hər bir azərbaycanlının qəlbində yaşadığını bildirmişdir. O, müasir və müstəqil Azərbaycanın bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf kursunu davam etdirməsini qeyd edib. 44 günlük azadlıq Vətən müharibəsində ölkəmizin qələbəsi haqqında danışan diplomat qeyd edib ki, bu, Ulu Öndərimizin vəsiyyətini yerinə yetirən, əcdadlarımızın torpaqlarını erməni işğalçılarından və vandallarından azad edən xalqımızın qürurudur.

Sonda Hüseyn Quliyev vurğulayıb ki, Heydər Əliyev Prezident İlham Əliyevin apardığı islahatlar sayəsində güc, nüfuz, uğur və inkişaf nümunəsinə çevrilmiş arzuladığı bugünkü Azərbaycanla fəxr edərdi.

Çıxış edən digər qonaqlar və tədbir iştirakçıları Ulu Öndər haqqında öz fikir və mülahizələrini bölüşüb, ömrünü xalqına fədakar xidmətə həsr etmiş bu dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.

T.İSMAYIL

2222222