Zahid Orucun təşkilatı 3 milyon manat mənfəət əldə etdi

 15:52 14.12.2022     389

Sosial Tədqiqatlar Mərkəzi (STM) 2021-ci ili 3,04 milyon manat mənfəətlə başa vurub. Halbuki, Mərkəz 2020-ci ildən 530 min manat zərərlə çıxıb.

Redaktor.az xəbər verir ki, ötən il STM-in gəlirləri 4,788 milyon manat (əvvəlki ilə nisbətən 3,9 dəfə çox), əmək haqqı xərcləri 964 min manat (5,8 % çox), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ayırmaları 236 min manat (15,1 % çox), inzibati və digər əməliyyat xərcləri 182 min manat (2,1 dəfə az), istifadə etdiyi material ehtiyatlarının dəyəri 158 min manat (5,3 dəfə çox), əsas vəsaitlərin və qeyri-maddi aktivlərin silinməsindən xalis zərəri 118 min manat (13,2 % az), icarə xərcləri 84 min manat (8,6 % çox), haqq və komissiya xərcləri isə 6 min manat (23 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə STM-in aktivləri 5,078 milyon manat olub ki, bu da illik müqayisədə 2,5 dəfə çoxdur. Hesabat dövründə Mərkəzin öhdəlikləri 8,2 dəfə azalaraq 0,001 milyon manata düşüb, balans kapitalı isə 2,5 dəfə artaraq 5,077 milyon manata çatıb.

Xatırladaq ki, STM 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,28 milyon manatdır. Mərkəz ölkədə ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir.

Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı Zahid Orucdur.