“Sürücülük vəsiqəsinin verilməsinə nəzarət güclənməlidir” - Ekspert

 18:15 14.12.2022     999

Xəbər verdiyimiz kimi, Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsini təşkil edən “Uber” taksi şirkətinin 7 sürücüsü saxlanılıb.

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son dövrlər ərzində keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan “Uber” taksi şirkətinin ümumilikdə 7 sürücüsü saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxslərdən 20 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə aşkar olunub.

Bəzi hallarda sosial şəbəkələrdə keçmiş məhbusların ucuz başa gəldiyi üçün "Toyota Prius" markalı maşın vasitəsi ilə taksi sürücüsü kimi fəaliyyət göstərdiyinə dair məlumatlar oxuyuruq. İddialara görə, bu sürücülərin bir çoxu narkotik vasitələrdən həm istifadə edirlər, həm də əlavə gəlir əldə etmək üçün satışını həyata keçirirlər. 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirdi ki, sürücülər işə qəbul proseslərindən, müəyyən mərhələlərdən keçməlidir.

“Tibbi arayışın verilməsi zamanı müəyyən səhiyyə ocağında ona tibbi arayış təqdim olunur. Bu tibbi arayışda sürücünün psixoloji vəziyyəti, psixotrop maddə qəbul edib-etməməsi və ya digər hallar haqqında məlumatlar verilir. Mən deyərdim ki, bəzən sürücü olandan sonra, yəni sürücülük vəsiqəsi əldə edəndən sonra o, digər xoşa gəlməz əməllər ilə məşğul olur. Belə demək olarsa, öz taleyini digər vasitələrə qurban verir. Nəyə görə sürücülərin narkotik vasitələrdən istifadə etməsi daha çox qabardılır? Çünki onlar müəyyən şirkətlərlə əməkdaşlıq edir, digər vətəndaşların taleyi onlarla birbaşa bağlı olur. Sürücünün idarə etdiyi nəqliyyat vasitəsi cüzi bir səhv avtomagistralda faciə və yaxud hər hansı bir qəza yüzdə-yüz ölümlə nəticələnə bilər.

Sosial şəbəkələrdə də bununla bağlı mütəmadi videolara və yazılara rast gəlinir. Sürücü olmaq istəyən və hələ ki, buna yaşı imkan verməyən, yəni 18 yaşından aşağı olan şəxslərə mənim bir tövsiyəm olardı ki, daha pis vərdişlərə qapılmasın, onlar müəyyən şəxslərin nüfuz dairəsinə düşməsinlər. Bu, bizim genofondumuza da pis təsir edir. Digər bir tərəfdən isə burada mən inzibati resurs cəhətdən deyərdim ki, sürücülük vəsiqəsinin alınmasına, hətta dəyişdirilməsinə belə nəzarət güclənməlidir. Yəni, ola bilsin, sürücü vəsiqəsini 18 il bundan qabaq alıb, amma indi psixotrop maddə qəbul edir. Onda onun sürücülük vəsiqəsi alması belə, xüsusi nəzarətdən keçməli, ona təqdim olunmalıdır”, - deyə ekspert qeyd etdi.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən