"Bu sənəd türk dövlətlərinin dünyanın enerji təhlükəsizliyinə verdikləri töhfədir" - Politoloq

 16:32 15.12.2022     819

Xəbər verdiyimiz kimi, dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun üçtərəfli görüşü olub.

Görüşdə ticari-iqtisadi, elm, təhsil, mədəniyyət, gömrük, energetika və nəqliyyat sahələrində əməkdaşlığa dair 5 sənəd imzalanıb.

Bəs, üçtərəfli görüşün və imzalanan sənədlərin ölkəmiz üçün əhəmiyyəti nədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Sədrəddin Soltan bildirdi ki, bu, Türkmənistan, Azərbaycan və Türkiyə prezidentlərinin ilk sammitidir.

“Sammitdə təhsil, energetika sahələri də daxil olmaqla beş sənəd imzalanıb. Əsas məsələlərdən biri Türkmənistan təbii qazını Xəzərdən keçərək Azərbaycana, dövlətimiz vasitəsilə Türkiyə və dünya bazarına çıxarılmasıdır. Bu, təkcə iqtisadi-enerji sahəsi ilə əlaqədar deyil, həm də türk dövlətlərinin dünyanın enerji təhlükəsizliyinə verdikləri töhfədir. Bu məsələdə Türkiyə və Azərbaycanın oynadığı rol da əhəmiyyətlidir. Başqa sözlə, uzun illər idi ki, Orta Asiya enerji, yəni karbohidrogen ehtiyatlarını Rusiya vasitəsilə ya bazara çıxara bilirdi, ya da İran vasitəsilə bunu ötürməyə cəhd göstərirlər. Əgər Cənubi Qafqazda sabitlik, əməkdaşlıq və təhlükəsizlik təmin olunarsa, bu, Orta Asiya, Mərkəzi Asiya ölkələri ilə Cənubi Qafqazın Qara dəniz hövzəsi ölkələrinin əməkdaşlığına da güclü təsir göstərə bilər. Yəni bu zirvə toplantısının ən böyük əhəmiyyətlərindən biri kimi bunu deyə bilərəm”, - deyə o qeyd etdi.

Zəngəzur dəhlizinin açılması məsələsinə gəlincə isə Sədrəddin Soltan vurğuladı ki, bu dəhlizin açılması, Qara Dəniz Hövzəsi və Avropa ölkəsi kimi Türkiyə, Cənubi Qafqaz və Orta Asiya ölkələrinin birləşməsi deməkdir:

“Zəngəzur dəhlizi həm də enerji resurslarının Qərb bazarına çıxarılması, Qərblə Şərqin ticarət, enerji sahəsində əlaqələrin genişlənməsi üçün bir istiqamətdir. Məsələn, İpək yolu nə idi? İpək yolu Qərblə Şərqi birləşdirir. İpək yolu hansı aparıcı rol oynayırsa, Zəngəzur dəhlizi də Şərqlə Qərb arasında ticarət üçün bu rolun aparıcı bir həlqəsi ola bilər”.

Nərmin VÜQARQIZI