Ərəb turistləri Azərbaycana cəlb edən nədir?
Hər il Azərbaycana müxtəlif ölkələrdən minlərlə turist gəlir. Müşahidələrimizə əsasən deyə bilərik ki, ölkəmizə gələn turistlər arasında daha çox ərəblər üstünlük təşkil edir. Şəhərin istər mərkəzi küçələrində, istərsə də otellərin qarşısında onlara rast gəlmək mümkündür.
Bəs, ərəblərin ölkəmizə bu qədər axın etməsinin səbəbi nədir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan turizm eksperti Əziz Şiriyev bildirdi ki, bu, əslində ölkəmizin uğurudur.
Onun sözlərinə görə, Azərbaycanda ərəblərlə işləyən gənclərin əksəriyyəti Misirdə və digər ərəb ölkələrində təhsil alan şirkət rəhbərləri və menecerlərdir.
“Onlar ərəb dilini mükəmməl bilirlər. Orada bütün şirkətlərlə münasibətləri də var deyə, birbaşa əlaqəyə çıxırlar və xarici ölkələrə xeyli sayda turist göndərən yaxşı bir partnyor tapırlar. Xüsusən də biz də müsəlman ölkəsiyik. Yəni burada məscidlər var. İstədiklərini əldə edə bilirlər. Qiymətlər də onlara sərf edir. Bu gün Avropaya dollarla, avroyla, funt-sterlinqlə getmək onlara baha başa gəlir. Düzdür, onlar üçün pulun əhəmiyyəti yoxdur. Baxmayaraq ki, bu günləri bütün avropalı turistlər özləri Türkiyədə istirahət edirlər. Çünki pula görə çox sərf edir. Ona görə həm Azərbaycanın havası, həm bizim qonaqpərvərliyimiz, həm də onlarla peşəkar çalışmağımız və müsəlman ölkəsi olmağımız, hamısı işə birmənalı şəkildə təsir edir”, - deyə Ə.Şiriyev bildirdi.
Həmidə İbrahimova












