"Ortaq elədik ki, o da dolana bilsin" - Alimpaşa Məmmədovun məhkəməsi

 20:42 15.12.2022     393

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə iclasında şirkət əməkdaşı ifadə verib.

Redaktor.az xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə A.Məmmədov vəkili tərəfindən ona ünvanlanan sualları cavablandırıb.

Təqsirləndirilən şəxs ittiham üzrə epizodların bir çoxunu qəbul edsə də, bəziləri ilə razı olmadığını deyib.

Daha sonra "Ağstafa Su Tikinti" ASC-nin keçmiş rəhbəri Məmmədov Vaqif İsrafil oğlu şahid qismində dindirilib.

Bildirib ki, o illərlə Şəmkir rayonunda tikinti işlərini görüb. Bir neçə dəfə tender qalibi olub. Müxtəlif təmir-tikinti işlərini həyata keçirib.

"Səbət bazarı" adlanan bazarın tikintisinin 90 fazini demək olar ki, mənim şirkətim tərəfindən inşa edilib. Ora Çinarli bələdiyyəsinə məxsus "Çinarli MMC"yə məxsus ərazi idi, lakin onlar sahibkarlara dəstək dövlət fondundan aldıqları faizlə bərabər 727 min manat krediti ödəyə bilmədiklərindən, orda bir iş görə bilməmişdilər. Sonradan biz krediti də öz öhdəmizə götürmək şərti ilə həmin ərazini aldıq. Həmin bazarın 45 %-i oğlum Orxan Məmmədliyə, 10 faizi Alimpaşa Məmmədovun köməkçisi və mənim uzaq qohumum Mahir Əliyevə, yerdə qalanı isə Alimpaşa Məmmədovun oğluna məxsus olub. Mənim oğlumla Alimpaşa Məmmədovun oğlu dostdurlar. Biz ailəvi yaxınıq, elə Alimpaşa Məmmədovla birgə istədik ki, cavanlar iş qursunlar. Mahir Əliyevin də imkanı zəif idi, yoldaşlıqları var idi, ona görə ortaq elədik ki, o da dolana bilsin", - V.Məmmədov qeyd edib.

Prokuror bildirib ki, bəs Çinarlı qəsəbə Bələdiyyəsinə məxsus "Çinarlı MMC" kreditə götürdüyü o qədər puldan nə qədərini qaytara bilmişdi?

V.Məmmədov deyib ki, 2015-ci ildən 2018-ci ilə qədər heç bir kredit ödənilməyib.

Məhkəmədə V.Məmmədovun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub.

Məhkəmənin növbəti iclası dekabrın 22-də davam etdiriləcək.

Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib (report).

Vumart və Güvən reklamı Vumart Güvən