Həbsxanadan azad olunan gənclərə ictimai dəstək verilir

 21:10 15.12.2022     334

Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra etdiyi "Azadlığa bir addım - cəzaçəkmə müəssisələrindən azad olunan gənclərin reinteqrasiyasına dəstək" adlı layihəyə yekun vurdu.

Bu barədə Redaktor.az-a sözü gedən təşkilatdan bildirilib.

Məlumatda deyilir:

“Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 yanvar tarixli 998 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf  Strategiyası”nda nəzərdə tutulmuş əsas istiqamətlərdən biri (5.2.30)  cəzaçəkmə müəssisələrindən azad olmuş gənclərin sosial reabilitasiyası ilə bağlı kompleks tədbirlər görülməsidir.

Mərkəzin cari layihəsi məhz bu istiqamətin və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununun icrasına yönəlib.

Layihənin fəaliyyətinin əsasını cəzaçəkmə müəssisələrində olan gənclərin azadlığa çıxışa hazırlanmasının təşkili, müəssisələri tərk edən gənclərin öz hüquqları ilə bağlı maarifləndirilməsi, onların xidmətlərə yönləndirilməsi təşkil edir.

Mərkəz bu məqsədlə layihə çərçivəsində 1-ci istiqamət olaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeçiliyində olan 10 Cəzaçəkmə Müəssisəsində azadlığa çıxmağa hazırlaşan gənclərlə iş aparıb. Təşkil olunmuş təlimlər vasitəsilə cəzaçəkmə müəssisələrini tərk etməyə hazırlaşan gənclərə azadlıqdakı hüquqi və psixoloji mühitlə bağlı geniş informasiyalar verilıb. Layihə iştirakçıları milli qanunvericiliyin cəza çəkməkdən azad olunmuş gəncə verdiyi hüquqlar, habelə cəmiyyətin, işəgötürənlərin onlara münasibətinin yaratdığı psixoloji gərginliklərdən çıxmaq üçün psixoloji vasitə və alətlər barədə məlumatlar əldə ediblər. 

Təlim iştirakçıları azadlıqda iş tapmaq üçün hara və necə müraciət etməyi, dövlətin ayırdığı sosial müavinətlərin alınması yollarını öyrəniblər.

Bu layihə ilə cəza çəkməkdən azad olunacaq gəncləri həm də azadlıqdakı sosial adaptasiya imkanları, onların cəmiyyətə inteqrasiyası üçün dövlətin həyata keçirdiyi proqram və layihələrdən maarifləndirdik.

Maarifləndirmə işinin aparılması azadlığa çıxmağa hazırlaşan gənclərin öz hüquqlarını bilməsinə, azadlıqda olduqda özlərinin sosial problemlərinin həll olunmasına və müxtəlif xidmətlərdən istifadə etməsinə imkan yaradıb.

Həmidə İbrahimova