Azərbaycan Qarabağda hərbi əməliyyatlara başlamalıdırmı? - SORĞU
Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan və Ermənistan sərhədində atəşkəs rejiminin pozulması hallarının artması fonunda Azərbaycanın Qarabağ ərazisində erməni birləşmələrinə qarşı yeni hərbi əməliyyatların keçirilməsi zərurəti və hədəfləri, postmüharibə dövrünün yeni reallığı kontekstində nəzərdə tutulan sülh və birgəyaşayış perspektivləri, Qarabağ ətrafında və regionda yaranan geosiyasi vəziyyətin ictimai rəydə qiymətləndirilməsi məqsədilə əhali arasında rəy sorğusu keçirib.
Redaktor.az xəbər verir ki, 5 – 11 dekabr 2022-ci il tarixində icra olunan sorğuda 18 yaşından yuxarı 390 respondent iştirak edib. Sorğular telefonla müsahibə formasında aparılıb və 12 iqtisadi rayonu əhatə edib. Seçmə çərçivəsi beynəlxalq metodologiyaya uyğun və əhali sayına proporsional müəyyən edilib. Sorğunun nəticələri 95 faiz əminlik intervalında olmaqla xəta əmsalı 5 faizə bərabərdir.
Azərbaycanın sülh quruculuğu səylərinə baxmayaraq, Ermənistanın dövlət sərhədində atəşkəs rejimini pozması, eləcə də Qarabağda qanunsuz silahlı birləşmələri saxlaması yeni hərbi əməliyyatların başlanması istiqamətində ictimai rəyi öyrənmək məqsədilə respondentlərə “Sizcə, Azərbaycan Qarabağda erməni silahlı qruplaşmalarına qarşı yeni hərbi əməliyyatlara başlamalıdırmı?” sualı ünvanlanıb.
Sorğu nəticəsində məlum olub ki, respondentlərin 48,0 faizi yeni hərbi əməliyyatların başlanmasını dəstəkləyir.
Həmçinin 39,6 faizi yeni hərbi əməliyyatların başlanmasını dəstəkləmədiyini ifadə edib. İştirakçıların 12,4 faizi bu barədə mövqe bildirməkdə çətinlik çəkib.
Nərmin VÜQARQIZI












