Vasif Talıbov YAP İdarə Heyətinin iclasına niyə  ÇAĞIRILMADI?..

 19:37 17.12.2022     413

Dekabrın 17-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib.

Redaktor.az xəbər verir ki, YAP-ı mətbuat xidmətinin yaydığı məlumata görə, iclasda YAP Mərkəzi Aparatının əməkdaşları, partiyanın Təftiş Komissiyasının, Veteranlar Şurasının, Gənclər Birliyinin üzvləri və yerli təşkilatlarının sədrləri iştirak ediblər.

Tədbirdə YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxış edib.

İclasda 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planı təsdiqlənib, bir sıra təşkilati məsələlər barədə qəbul edilib.

Modern.az-ın İdarə Heyətinin üzvlərindən əldə etdiyi məlumata görə, toplantıda partiyanın bütün yerli təşkilatlarının sədrləri iştirak edib, yalnız bir istisna olub. Belə ki, YAP Naxçıvan Muxtar Respublkası Təşkilatının sədri Vasif Talıbov tədbirdə gözə dəyməyib. Onun ya tədbirə çağırılmadığı, ya da çağırılsa da iclasa qatılmaqdan imtina etdiyi güman olunur.

Qeyd edək ki, Vasif Talıbov YAP Naxçıvan Muxtar Respublkası Təşkilatının sədri olmaqla yanaşı, həm də partiyanın İdarə Heyətinin üzvüdür.

Naxçıvanın Bakı şəhərindəki Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov isə iştirakçıların arasında olub.

Maraqlıdır ki, B.Əsgərov partiyanın İdarə Heyətinin üzvü olmadığı halda onun İdarə Heyətinin iclasında hansı statusla iştirak etdiyi məlum deyil.