Bakının mərkəzində yeni rayon yaradılacaq? - AÇIQLAMA

 15:02 19.12.2022     932

“Bakının mərkəzində yeni rayonun yaradılması məsələsi ilə bağlı müvafiq tapşırıqlar verilsə də, bununla bağlı irəliləyiş yoxdur”.

Bunu Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə deyib. Onun sözlərinə görə, gec-tez Bakının mərkəzində yeni rayonun yaradılması məsələsinə qayıdılacaq və həllini tapacaq.

Maraqlıdır, həqiqətən də, paytaxtın mərkəzində yeni rayonun yaradılmasına ehtiyac varmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Tahir Rzayev dedi ki, Bakının mərkəzində yeni bir rayonun yaradılmasına ehtiyac yoxdur.

“Bu, Elbay müəllimin öz fikridir, amma bu gün idarəetmədə elə problemlər yoxdursa, bu rayonlarda qarşılarına qoyulan vəzifələr yerinə yetirilirsə, yeni bir rayonun yaradılmasına nə ehtiyac var? Ola bilsin ki, Bakının mərkəzində yox, rayonlarında ola bilər. Məsələn, Abşeron rayonu çox böyük bir rayondur. Artıq Xırdalanın 250 mindən çox əhalisi var. Ondan sonra Qaradağ rayonu çox böyük əraziləri əhatə edir. Ola bilsin ki, bu rayonların nəzdində böyük olduğuna görə, əlaqələndirmə təşkil olunmadığına görə, ya müəyyən çətinliklər olduğuna görə hansısa bir rayon yaradıla bilər. Amma şəhərin mərkəzində, Bakının özünün mərkəzində yeni rayonun yaradılmasına məncə, ehtiyac yoxdur. Mən buna zərurət görmürəm”.

Deputatın sözlərinə görə, ola bilər ki, Elbay Qasımzadə böyük rayonların birləşdirilib, yeni bir mərkəz yaradılmasını nəzərdə tutur:

“O, bir memar kimi təcrübəli, hörmətli insandır. Ola bilər ki, fikirləri nəyəsə əsaslanır. Amma bu əsaslanma da şərh olunmalıdır ki, hansı əsaslarla bu ola bilər, gələcəkdə nəyə fayda verə bilər, hansı məqsədlə yaradılır və nə mahiyyətdədir. Bu barədə gərək o özü izahat verərdi ki, sabah bu səbəbdən belə bir rayon yaradıla bilər. Yeni rayon o məqsədlə yaradıla bilər ki, bu, nəyəsə xidmət eləsin. Baxın, görürsünüz, yerlərdə prezidentin səlahiyyətli nümayəndəlikləri yaradıldı. Bu, effektlidir. Çünki işğaldan azad olunan ərazilərdə bu gün idarəetməni təkmilləşdirmək, operativ tədbirlər görməkdən ötrü bu nümayəndəliklərin yaradılmasına ehtiyac var idi və bu gün də effekt verir. Amma Bakının mərkəzində artıq rayonlar var axı. Bu rayonlar öz işlərini yerinə yetirirlər. Belə bir fikir var idi ki, bəlkə də bu rayonların bir çoxları ləğv olunsun, bir mərkəz yaradılsın, böyük bir şəhər rayonu yaradılsın və bu da bir az çətin məsələdir. Mən buna da münasibətim bildirmişdim ki, bu gün insanlarla daha yaxınlaşma, onların tələbatını ödəmək üçün yerlərdə ünsiyyətin yaxşılaşdırılması prosesi gedir və Sovet İttifaqı dövründə rayonların birləşməsi həyata keçirildi, amma effektli olmadı. Əlbəttə ki, indi əgər inkişaf ediriksə, müəyyən islahatlar olmalıdır. Amma islahatlar elə həyata keçirilməlidir ki, o, həm bizim inkişafımıza xidmət eləsin, həm də adamların rifah halının, onların həyatının yaxşılaşdırılmasına xidmət etsin. Yox, əgər bu yoxdursa, o islahatların dəyəri də olmayacaq. Ona görə də bu islahatlar keçirilərkən mütləq əsaslanmalıdır ki, hansı əsasla həyata keçirilir, nəyə xidmət edir və nəticələr nə ola bilər?”, - deyə Tahir Rzayev vurğuladı.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən