"Xankəndidəki ermənilər çamadan əhval-ruhiyyəsindədir" - Aksiya iştirakçısı - FOTO

 14:15 19.12.2022     437

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası bir həftədir davam edir. Dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.

Hava şəraitinin soyuq olmasına baxmayaraq, fasiləsiz dinc aksiyaya qoşulanların sayı da getdikcə artmaqdadır. Belə ki, dinc aksiyaya Azərbaycanın hər yerindən böyük dəstək var.

Aksiyada iştirak edən “Türküstan” Media Qrupunun rəhbəri Aqil Camal Redaktor.az-a öz təəssüratlarını bölüşüb.

“Mən aksiyanı ilk başladanlardan biri olaraq orada idim. Orada elə bir vəziyyət yarandı ki, biz Xankəndi-Laçın yoluna keçdik və ermənilərin maşınlarını dayandırdıq. Bu zaman yaxınlıqda olan rus hərbiçiləri sürətlə bizə gəlib yaxınlaşdılar. İstədilər ki, digər şəxslərin və Azərbaycana aid olan bir neçə avtomobilin həmin yola keçməsinin qarşısını alsınlar. Amma buna nail ola bilmədilər. Artıq daha çox insanların həmin yola keçməsini görəndən sonra yaranmış vəziyyətdən hesablaşdılar və ayın 12-i saat 10-dan başlayaraq aksiya başladı. Yol tamamilə hərəkətə dayandırıldı. Biz üç gün orada olduq. Orada həm fasiləsiz aksiyada iştirak etmək, eyni zamanda hava şərtlərinə görə uzun müddətli qalmaq çox çətindir. Ona görə, artıq müəyyən yeni qruplar gələrkən növbə dəyişmələri oldu", - deyən jurnalist bildirdi ki, aksiya Azərbaycanın tələbləri, hazırda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə təbii ehtiyatların, mədənlərin qanunsuz şəkildə və vəhşicəsinə yağmalanmasına, talan olunmasına qarşı idi.

Lakin onun sözlərinə görə, bu aksiyanın bir çox başqa mənaları da var:

"İlk növbədə onu deyə bilərəm ki, 30 ildən sonra Azərbaycan ictimai təşkilatlar vasitəsilə olsa belə, həmin yola nəzarətini bərpa edib. 30 il ərzində işğalçılıqla məşğul olan Ermənistan və ermənilər artıq düşünürdülər ki, onlar azərbaycanlıları, azərbaycanlıların ruhunu məğlub ediblər. Amma 44 günlük savaşın yaratdığı nəticələr və bu gün həmin yolun hərəkətinin dayanması ilə bağlı düşdükləri vəziyyət onlara bir daha göstərir ki, başqa bölgədən, dünyanın harasındasa olan bölgələrindən, kimlərəsə ümid edərək inadkarlıq göstərməklə nəyəsə nail olmayacaqlar”.

Aqil Camal onu da qeyd etdi ki, Xankəndində olan ermənilər aksiyalar başlayandan yatmır:

“Biz orada olarkən Şuşada işləyən insanlar bizə bildirdilər ki, son iki gündə, yəni bu hadisələr başlayandan artıq onlar gecələr belə işıqları söndürmürlər. Yəni biri var şəhərin gecə yanan işıqları, biri də adətən axşam yanan ev işıqları var. Şuşadan da baxanda Xankəndi ovuc içi kimi görünür. Yuxarıdan baxanda bilinir ki, bunlar artıq iki gündür yatmır. Və sanki çamadan əhval-ruhiyyəsindədirlər. Yəni biz orda bir daha ona şahid olduq ki, inadkarlıqla, Azərbaycanın qanunlarına tabe olmamaqla, hansısa status xəyallarıyla yaşamaqla orada olan ermənilər nəyəsə nail olmayacaqdır. Bunun geci tezi var. Növbəti stuasiyada, münbit bir vaxtda Azərbaycan, onun qanunlarına tabe olmaq istəməyən həmin o qrupu da ram edəcəkdir. Əsas təəssüratlarım ondan ibarətdir ki, mən orada olduğum müddətdə də və geri qayıdanda da mənə çoxsaylı soydaşlarımız aksiyada iştirak etmək istədiklərini və bununla bağlı nə edə bilərik istəkləri ilə qarşılaşdım. Hətta bir çox təşkilatlar da var idi ki, onlar orada gedib səyyar şəkildə aksiyaçılara xidmət göstərməyi də təklif edirlər. Bu cür Azərbaycan xalqının həmrəyliyini və çox lazım olan tarixi anlarda bir hədəfə vurmaq bacarığı önəmli bir xüsusiyyətdir”.

Həmidə İbrahimova

2222
Vumart və Güvən reklamı Vumart Güvən